"Qarabağ" Azərbaycan Premyer Liqasında qazandığı 9-cu çempionluğu bu gün təşkil olunmuş xüsusi tədbirdə qeyd edib. Matc.az xəbər verir ki, mərasimə klubun fəxri prezidenti və sahibi Abdolbari Gözəl, Ağdam təmsilçisinin prezidenti Tahir Gözəl, digər rəsmi şəxslər, baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında komandanın bütün üzvləri və jurnalistlər qatılıb.
 
Əvvəlcə çıxış üçün söz Abdolbari Gözələ verilib. Təəssüratlarını bölüşən fəxri-prezident artıq azad Qarabağı təmsil etdiklərini bildirib:
 
"Bu gün bizim üçün qürurverici gündür. İki cəhətdən çox xoşbəxtik. Əvvəla ona görə ki, hər zaman azad Qarabağı təmsil etməyimizi istəyirdik. Cənab Prezident 44 gün ərzində bizi qələbəyə istiqamətləndirdi".
 
Abdolbari Gözəlin sözlərinə görə, vaxtilə böyük məsuliyyətin ona verildiyinin şahidi olub: "Bir müəssisədə düzgünlük yoxdursa, uğur da olmaz. Qurban Qurbanov da saf niyyətlə "Qarabağ"ı çempion etdi. çox xoşbəxtəm, futbolçulara "salam" deyirəm. Bizə çox gözəl günləri yaşadan bütün əməkdaşlarımıza təşəkkürümü bildirirəm".
 
Daha sonra "Qarabağ"ın prezidenti Tahir Gözəl klubun sahibinə 19 nömrəli forma hədiyyə edib.
 
Tədbir "Qarabağ" formasını geyinmiş musiqi qrupunun çıxışı ilə davam edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest