Rusiyanın "Rubin" klubunda çıxış edən Belarus yığmasının futbolçusu Vitali Lisakoviç UEFA Millətlər Liqasında oynamaqdan imtina edib. Matc.az xəbər verir ki, bu barədə Belarus mətbuatı məlumat yayıb.
 
İddia olunur ki, 24 yaşlı hücumçu milli komandadan gələn zənglərə və mesajlara cavab verməyib. Amma forvardın hansı səbəbdən bu addımı atdığı hələlik bəlli deyil.
 
Belarus seçməsi ilk matçını iyunun 3-də Serbiyanın Novi Sad şəhərindəki "Karadjordje" stadionunda Slovakiyaya qarşı keçirəcək. 3 gün sonra həmin arenada Azərbaycan millisini qəbul edəcək kollektiv iyunun 10-da Qazaxıstanla qarşılaşacaq. Komanda iyunun 13-də isə Bakıda yenidən Canni De Byazinin baş məşqçi olduğu yığma ilə üz-üzə gələcək.
 
UEFA Belarus millisinin ev oyunlarını öz meydanında keçirməsinə qadağa qoyub. Buna sözügedən ölkənin Rusiya ilə birgə Ukraynaya qarşı hərbi əməliyyatlarda iştirakı səbəb olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest