Futbol üzrə Rusiya Premyer Liqasında pley-aut oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün ilk oyunlar baş tutub.
 
Azərbaycanlı futbolçu Kamran Əliyevin formasını geyindiyi "SKA-Xabarovsk" doğma meydanda baş tutan ilk oyunda "Ximki" ilə üz-üzə gəlib. Rusiya Milli Futbol Liqasında 4-cü yeri tutan bu komanda Premyer Liqada 13-cü olmuş "Ximki"ni evdə 1:0 hesabıyla məğlub edib. Xabarovsk təmsilçisinə məhz "Ximki"dən gələn Kamran da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 83-cü dəqiqədə əvəzlənib. Komandasının 14-cü dəqiqədə vurduğu yeganə qolun məhsuldar ötürməsini də Əliyev verib. "SKA-Xabarovsk"da vaxtilə Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış David Qarayev də start heyətdə meydana çıxıb və 80-ci dəqiqədə əvəzlənib.
 
Digər pley-aut matçında Premyer Liqanı 14-cü pillədə bitirmiş "Ufa" Rusiya Milli Futbol Liqasında 3-cü olmuş "Orenburq"un qonağı olub. Dörd qolun qeydə alındığı bu görüşdə isə qalib müəyyənləşməyib – 2:2.
 
Bu komandalar arasındakı cavab qarşılaşmaları mayın 28-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest