Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi Qazaxıstanın "sports.kz" saytına müsahibə verib. Matc.az xəbər verir ki, italiyalı mütəxəssis müsahibədə UEFA Millətlər Liqası ilə bağlı sualları cavablandırıb:
 
- Azərbaycan millisi Millətlər Liqasında ilk oyununu Qazaxıstana qarşı keçirəcək. Turnirə uğurlu başlamaq sizin üçün nə dərəcədə vacibdir?
- Mənim ölkəmdə belə deyirlər: yaxşı başlayanlar artıq öz işinin yarısını görüb. Bilirik ki, səfərdə yaxşı komandaya qarşı uğurlu start asan olmayacaq. Ancaq həm özümüz, həm Azərbaycan xalqı, həm federasiya, ən əsası, bayrağımız üçün oradan üç xalla dönməliyik.
 
- İyun ayında bu qrupun komandaları 10 gündə 4 oyun keçirəcəklər. Təqvim haqqında nə düşünürsüz?
- Bilirəm ki, qısa müddətdə çoxlu səyahətlə dörd görüş keçirmək asan olmayacaq. Dincəlmək də lazımdır, amma bu, mümkün deyil. Beynəlxalq təqvim çox sıxdır.
 
- Azərbaycan millisinin açıqlanan ilkin heyətində cəmi 15 futbolçu yer alıb. Bu, nə ilə bağlıdır?
- çünki mayın 27-də Azərbaycan kubokunun final matçı var idi. Mən də bu oyunda iştirak edən futbolçuların konsentrasiyasını pozmaq istəmədim.
 
- Hazırda Azərbaycanın ən güclü futbolçularını Qazaxıstana gətirmək fikrindəsiz?
- Aydın məsələdir!
 
- Qazaxıstan yığmasının heyətində kimləri fərqləndirərdiz?
- Mən adətən ümumi komandaya baxıram, futbolçuların fərdi keyfiyyətlərini və oyun tərzini ictimaiyyət qarşısında müzakirə etmirəm. Qazaxıstan millisi yaxşı oyunçuları olan komandadır.
 
- Məhəmməd Adiyevin rəhbərliyi altındakı komandadan nə gözləmək olar?
- Düşünürəm ki, o, uğur qazanmaq, qalib gəlmək istəyir. Amma biz də eyni şeyi istəyirik.
 
- Oyun "Astana Arena"nın süni örtüklü meydançasında keçiriləcək. Bu, sizin komanda üçün problem ola bilər?
- Hər iki komanda üçün oyun meydançası eynidir. Amma belə meydançalar şəxsən mənim xoşuma gəlmir.
 
- Millətlər Liqasında Azərbaycan yığmasının qarşısına hansı vəzifə qoyulub?
- Bacardığınız qədər irəli getmək.
 
- Sizcə, qrupun favoriti hansı komandadır?
- Slovakiya millisi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest