Matc.az sizi AFFA-nın baş katibi Sərxan Hacıyevin İcraiyyə Komitəsinin ötən gün çıxardığı qərarlara dair müsahibəsi ilə tanış edir:
 
- AFFA İcraiyyə Komitəsinin iclasında qəbul edilmiş qərarları necə şərh edə bilərsiniz?
- Qurumun İcraiyyə Komitəsinin iclasının gündəliyində müxtəlif məsələlər var idi. Onların arasında AFFA-nın Yoxlama və Təftiş Komitəsinin Əsasnaməsinin təsdiqi də yer almışdı. Əsasnamə təsdiq olundu. Komitənin sədri vəzifəsi müvəqqəti olaraq 3 ay müddətinə Xalid Cavadova həvalə edildi. Növbəti günlərdə qurum digər üzvlərlə bağlı ictimaiyyətə məlumat verəcək. Digər məsələlərdən biri "Turan Tovuz" və "Kəpəz"in Premyer Liqaya buraxılması idi. Hər iki komanda Premyer Liqa üçün lisenziyalaşdırma prosedurunu uğurla keçib. İki əlavə komandanın çempionata buraxılması üçün məhz İcraiyyə Komitəsinin qərarı lazımdır. çünki Premyer Liqa son mövsümlərdə 8 komandanın iştirakı ilə baş tutub. İcraiyyə Komitəsinin qərarına əsasən, Premyer Liqaya lisenziya əldə etmələri nəzərə alınaraq, hər iki klub rəsmən çempionata buraxıldı. Digər məsələlərdən biri də AFFA İntizam Komitəsi ilə bağlıdır. Bir üzv şəxsi səbəblərinə görə komitədən ayrılmışdı. Onun yerinə Naib Əsədov yeni üzv seçildi. İclasda müzakirə edilən məsələlərdən biri təqaüdlərlə bağlı idi. Müvafiq komissiyanın təqdimatına uyğun olaraq, 4 nəfərə AFFA-nın təqaüdünün ayrılması təsdiqləndi. Digər gündəmdə olan məsələ isə legioner limiti və əvəzetmə sayı oldu. Aprelin 29-da keçirilmiş İcraiyyə Komitəsinin iclasında da məsələyə baxılmışdı. Yenidən bu məsələyə baxılaraq müvafiq qərarlar qəbul edildi.
 
- İcraiyyə Komitəsinin aprelin 29-da keçirdiyi iclasında limit və əvəzetmə sayı müzakirə edilsə də, dəyişiklik olmamışdı. Son bir ayda nə baş verdi ki, belə bir qərar qəbul olundu?
- Apreldəki iclasda da legioner limiti və əvəzetmə sayı müzakirə mövzusu idi. Burada da müəyyən qərarlar qəbul edilmişdi. Sözügedən iclasdan sonrakı müddətdə əlavə təhlillər apararaq, müəyyən təklifləri dinlədik. Xüsusən, avrokuboklara qatılacaq klubların təkliflərinə baxdıq. Belə qərara gəldik ki, yenidən hər iki mövzu müzakirəyə çıxarılsın. Artıq bununla bağlı müvafiq qərarlar qəbul edilib. Əvəzetmə ilə bağlı qərar 2022/2023 mövsümündən qüvvəyə minir. Lakin 7+4 legioner limiti hələlik 2022/2023 mövsümünə aid olacaq və mövsümün sonunda yenidən bu məsələyə baxılacaq. Mövsüm ərzində baş verən durum təhlil ediləcək və gələcək mövsümlər üçün növbəti qərarlar çıxarılacaq.
 
- Sizcə, legioner limitinin artırılması ölkə futboluna necə təsir edəcək?
- Bu yöndə bir neçə aspekti qeyd edə bilərəm. Limitin artırılmasının müsbət nəticə verə biləcəyi ehtimal olunur. Bunlardan biri rəqabətə dayanıqlı yerli futbolçuların inkişafıdır. 7+4 limitinin tətbiqi o deməkdir ki, minimum 4 yerli oyunçu meydanda ola bilər. "4-lüy"ə düşmək üçün futbolçular arasında rəqabət daha da güclənəcək və bu da rəqabətə dayanıqlı futbolçuların inkişafına gətirib çıxacaq. Digər aspektlərdən biri avrokuboklara yüksələn klublarla bağlıdır. Qitəmiqyaslı klub turnirlərində limit yoxdur. 7+4 limitinin tətbiqi ilə komandalarımızın rəqabətə dayanıqlı olmalarına gətirib çıxarma ehtimalı böyüyəcək. Onu da qeyd edə bilərəm ki, rəqabətə dayanıqlı klubların çoxalması çempionatımızın inkişafına və gücləndirilməsinə gətirib çıxaracaq. Bu da milli komandanın müsbət nəticə göstərməsindən yan keçə bilməz.
 
- Əvəzetmə sayı demək olar ki, bütün dünyada artırılmışdı. Bizdə bu qərarın qəbuluna nə mane olurdu?
- Artıq dünyanın bir sıra ölkəsindəki daxili yarışlarda əvəzetmə sayı 5-ə qaldırılıb. Lakin onu da qeyd etməliyəm ki, beynəlxalq qurumların bu dəyişikliklə bağlı təklifi tövsiyə xarakteri daşıyır. Hər federasiya daxili yarışları üçün özü qərar verir. Apreldəki iclasda bu məsələ müzakirə edilmiş, əvəzetmə sayının dəyişdirilməməsi təsdiqlənmişdi. Lakin bu müddət ərzində əvəzetməyə də limitin tətbiqi ilə bağlı müəyyən təhlillərin aparılmasının vacibliyi qeyd olundu, bəzi danışıqlar apardıq. Avrokuboklarda artıq 5 əvəzetmədən istifadə edilir. Bu da bizim klublarımız üçün vacibdir. Həmçinin yığma komandaların yarışlarında da 5 əvəzetmə tətbiq edilir. ümumi daxili təhlildən sonra belə qərara gəlindi ki, 3+2 sistemi ilə əvəzetmə sayı artırılsın. Minimum 2 yerli oyunçu nəzərdə tutulub. Bu təklif dünənki iclasda səsləndirilərək, qəbul edildi.
 
- Zaur Axundovun "Şamaxı" klubundan ayrılması sırf işləri ilə bağlıdır, yoxsa hər hansı struktur dəyişikliyi gözlənilir?
- Ayrılma səbəbi sırf vaxt məhdudiyyəti və işləri ilə bağlıdır. Bir müddət öncə "Keşlə"nin adı dəyişdirilərək "Şamaxı" adlandırılıb. Komanda Şamaxı şəhərində fəaliyyətini davam etdirir. Bu şəhərə gediş-gəlişi nəzərə alaraq və vaxt məhdudiyyətinə görə Zaur Axundov öz istəyi ilə istefa verib. O, fəaliyyətini Azərbaycan Futzal Federasiyasının prezidenti və AFFA İcraiyyə Komitəsinin üzvü kimi davam etdirir.
 
- Klubun Müşahidə Şurasının yeni sədri nə zaman bəlli olacaq?
- "Şamaxı"nın yeni sədri ilə bağlı yaxın vaxtlarda açıqlama veriləcək. (Report)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest