Dəli Torres, kaftar Foqts, alkaş Prosineçki... Bizdə hər gələnə bir qulp qoymaq adət-ənənə kimidi. İndi də Nikola Yurçeviçin "liçka"ları ölkəmizə özündən tez ayaq basdı - Mahmut hoca və ya ikinci adam.

Əvvəla işə başlamamış yıxıb-sürümək asandı. Prosineçki də gələndə baş məşqçi kimi düz-əməlli karyerası yox idi. İndi isə deyirik ki, ömrü boyu Biliçin yanında çörək qazanan birindən nə gözləyək? Proqnozlar verilir, uğursuzluqlara yelkən açılır və s.

Məncə, biz yenə də problemi "yara çıxan" yerdə axtarırıq, bunun dərinliyinə varmırıq. Köməkçi kimi ad çıxarmış, baş məşqçilik karyerasında hələ düz yola çıxmayan Yurçeviçin təyinatını qınayırıq. AFFA neçə ay axtardı, sonda bunu tapdı? Niyə daha təcrübəli, tanınmış məşqçi gətirilmədi? Suallar-suallar...

Bu fikirlərlə müəyyən qədər razılaşmaq olar. Ancaq nəzərə almaq lazımdı ki, söhbət İtaliya, Belçika, Türkiyə, lap heç Albaniya yox, Azərbaycan yığmasından gedir. Joze Mourinyo, Antonio Kontenin işsiz olması iştaha gətirə bilər. Axı bu məşqçilərin yoluna milyonlar da düzsən, işsiz qalar, amma gəlməz. Bizə ancaq səviyyəmizə uyğunları "hə" deyər. Ya da Foqts kimi vaxtı keçmiş, Prosineçki kimi yeni-yeni cücərənlər.

Yaxşı, tutaq ki, Mourinyo özünə hörmət etməyib gəldi. Sonra? Yurçeviçlə axırıncı yeri tutmamağa çalışacaq yığmamızın Mourinyo ilə nəticəsi hədsiz fərqlənəcək? Azərbaycan futbolunda yığma komandaya baş məşqçi məsələsi düzəlməsi gərəkən son problemlərdəndi.

Burda yada mərhum Vaqif Səmədoğlunun sözləri düşür: bəlkə, bəlkə, bəlkə də...

Bəlkə çempionatımızda 8 yox, 18 klub var?

Bəlkə hamısı köklü klubdu, "Sabah"ın 1 yox, 51 yaşı var, "Səbail" 2016 yox, 1996-cı ildən elitada mübarizə aparır?

Bəlkə saysız-hesabsız yerli futbolçularımız meydanda xariqələr yaradırlar?

Hələ legioner həyatı yaşayan, "böyük beşlik" ölkələrində adından söz etdirən həmyerlilərimizi demirəm.

Aşağı yaş qruplarında yetişən istedadlar, tapşırıqsız-tanışsız irəli gedənlər... Daha nələr-nələr...

Bəylər, bu sadaladıqlarımın gerçəkləşdiyini görən varmı ki, Yurçeviçin təyinatını faciəyə çevirmişik? Mən də bilirəm ki, Avropa çempionatına getmək yox, hətta bunu xəyal etmək özü möcüzə çərçivəsini aşır. Top-top oynayan 15-20 nəfərlə 5 komandalı qrupda ən yaxşı halda layiqli 5-ci olarıq. Amma bu, nə bu günün, nə də dünənin problemidi.

Bu səbəbdən özümüzü çox yormayaq, heç çıxış yolu da axtarmayaq...

Ruslan SADIQOV

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest