35 yaşlı hücumçu penta-trik sayəsində yığmadakı qol sayını 86-ya çatdırıb. O, bunun sayəsində milli komandaların ən yaxşı bombardirləri siyahısında da 4-cü yerə yüksəlib.

Futbol üzrə Argentina milli komandası yoxlama oyununda qüvvəsini sınayıb. Matc.az xəbər verir ki, bir neçə gün öncə "Finalissima"da İtaliya yığmasını 3:0 hesabıyla məğlub edən Cənubi Amerika çempionu, bu gün Estoniya ilə üz-üzə gəlib.
 
Qarşılaşma argentinalıların 5:0 hesablı qələbəsiylə yekunlaşıb. Qalib komandanın bütün qollarını (8, 45, 47, 71 və 76-cı dəqiqələrdə) Lionel Messi rəqib qapısından keçirib. O, karyerasında ikinci dəfə penta-trik müəllifi olub.
 
35 yaşlı hücumçu penta-trik sayəsində yığmadakı qol sayını 86-ya çatdırıb. O, bunun sayəsində milli komandaların ən yaxşı bombardirləri siyahısında da 4-cü yerə yüksəlib. Messi Macarıstan millisinin sabiq hücumçusu, 84 qolu olan Ferents Puşkaşı da geridə qoyub. İlk 3-lükdə Portuqaliya yığmasında qol sayını 117-yə çatdıran Kristiano Ronaldo, 109 qolla İran millisinin əslən azərbaycanlı hücumçusu Əli Daei və 89 qola malik Malayziyadan olan forvard Moxtar Dahari yer alıb.
 
Bu gün həm də Peru yığması Yeni Zelandiyaya, Kolumbiya isə Səudiyyə Ərəbistanına minimal hesabla qalib gəlib.
 
Yoxlama oyunları
5 iyun
 
Peru – Yeni Zelandiya 1:0
Səudiyyə Ərəbistanı – Kolumbiya 0:1
Argentina – Estoniya 5:0

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest