Futbol üzrə Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində Belarus yığmasıyla qarşılaşacaq. Matc.az xəbər verir ki, artıq baş məşqçi Canni De Byazinin bu oyunda hansı heyətə güvənəcəyi də müəyyənləşib.
 
Əldə etdiyimiz məlumata görə, Qazaxıstanla matçda olduğu kimi, bu dəfə də qapını Şahruddin Məhəmmədəliyev qoruyacaq.
 
Müdafiədə Bəhlul Mustafazadə, Cəlal Hüseynov, Höccət Haqverdi, Maksim Medvedev və Azər Salahlı "beşliy"inə üstünlük verilib. Yarımmüdafiə xəttində Eddi İsrafilov, Riçard Almeyda və Emin Mahmudov oynayacaq. Renat Dadaşovla Ramil Şeydayev isə qol ümidlərimiz olacaq.
 
Xatırladaq ki, millimizin Qazaxıstanla matçdakı start heyəti ilə müqayisədə 3 dəyişiklik diqqət çəkir. Bunlardan biri əsas mərkəz müdafiəçilərindən biri olan Bədavi Hüseynovun yoxluğudur. O, zədə səbəbindən bu oyunu buraxmaq məcburiyyətində qalıb. De Byazinin bu dəfə ilk dəqiqələrdən oynatmadığı digər iki oyunçu isə Mahir Emreli ilə Aleksey İsayevdir. Bu üç oyunçunu müvafiq olaraq Cəlal Hüseynov, Ramil Şeydayev və Riçard Almeyda əvəz edib.
 
Bu gün Serbiyanın Novi Sad şəhərindəki "Karadjordje" stadionunda baş tutacaq Belarus – Azərbaycan matçına Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest