"Azərbaycan millisindəki işimə Zaqrebdə başlamağın başqa bir gözəlliyi var". Matc.az saytının məlumatına görə, bunu yığmamızın yeni baş məşqçisi Nikola Yurçeviç deyib.

Bu həftə Azərbaycan millisinin "sükanı arxası"na gətirilən xorvatiyalı mütəxəssis ölkəsinin mətbuatına danışıb. O, hədəflərinin böyük olduğunu vurğulayıb.

Yurçeviç Aç-2020-nin final mərhələsinə yüksəlmək istədiklərini söyləyib: "Prosineçki Azərbaycanda dərin iz qoyub, insanlar hələ də onu sevirlər. Bu amilin mənim işimə müsbət təsir edəcəyini düşünürəm. Azərbaycan futboluna böyük töhfə vermək istəyirəm. Azərbaycan yığmasını çalışdırmaq imkanı qazandığım üçün çox sevinirəm. Bu, əla hadisədi və məndə əlavə motivasiya yaradıb. Gözləntilər nədi? Aç-2020-nin seçmə mərhələsində qrupumuzda yer alan hər komandanın arzuları var. Bu da başadüşüləndi. Təbii ki, Xorvatiya qrupun favoritidi, bunu xüsusi qiymətləndirməyə ehtiyac yoxdu. Ancaq biz də hər kəsi təəccübləndirməyin yollarını axtaracağıq. Sürpriz hər zaman olur. Azərbaycan niyə də Avropa çempionatının xəyallarını qurmasın? Təbii ümid bu deyil?"

53 yaşlı çalışdırıcı yığma ilə bağlı onu narahat edən məqamlara da toxunub: "Azərbaycan yığması keçmişdə də rəqiblərini təəccübləndirməyi bacarıb. Elə Xorvatiya ilə Bakıdakı son oyunu xatırlatmaq kifayətdi. Həmin matçda rəqibə çətinlik yarada bilib. Burda əsas problem belə nəticələrin davamlılığının olmamasıdı. Milliyə ən çox oyunçu verən "Qarabağ" və "Neftçi"nin bəzi matçlarını izlədim. Onların heyətində çox yaxşı, təcrübəli futbolçular var. Ancaq millidə heyətin genişliyi məsələsində problem mövcuddu. ümid edirəm ki, komandamla söhbətləşib, eyni hədəfdə razılaşacağıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest