İtaliyanın "Latsio" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, A Seriyası təmsilçisi Ukraynanın "Şaxtyor" (Donetsk) klubunun yarımmüdafiəçisi Markos Antonionu heyətinə qatıb.
 
Bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb. Braziliyadan olan 22 yaşlı futbolçu yeni klubu ilə 5 illik müqaviləyə imza atıb.
 
İtaliya mətbuatının yazdığına görə "Latsio" bu transferə görə "Şaxtyor"a 8 milyon avro ödəyib. Donetsk təmsilçisi bonuslarla daha 2 milyon avro gəlir əldə edə bilər. Futbolçunun özü də yeni komandasında ilinə 2 milyon avro qazanacaq.
 
Markos Antonio 2019-cu ildən "Şaxtyor"da çıxış edirdi. Ukrayna təmsilçisinin heyətində bütövlükdə 69 matça çıxmış futbolçu 9 qolla yadda qalıb. O, daha öncə Portuqaliyanın "Eştoril" komandasında forma geyinib.
 
"Şaxtyor" digər braziliyalı futbolçusu David Neresi də Portuqaliyanın "Benfika" klubuna satıb. Portuqaliya klubunun yaydığı məlumata görə, 25 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb.
 
David Neres "Şaxtyor"a bu ilin yanvarında Niderlandın "Ayaks" klubundan 12 milyon avro qarşılığında transfer olunmuşdu. Lakin o, Ukraynadakı müharibə səbəbindən Donetsk təmsilçisində heç bir rəsmi matça çıxmayıb. Braziliya millisinin də üzvü olan vinger daha öncə ölkəsində "San Paulo"nun da uğurları üçün çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest