Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Elvin Məmmədov "Sumqayıt"dan ayrılıb. Matc.az xəbər verir ki, 33 yaşlı futbolçu ilə klub arasındakı müqavilənin müddəti bu yay bitdiyi üçün, tərəflər vidalaşmaq qərarına gəliblər.
 
Gözləmək olardı ki, Elvin Məmmədov bundan sonrakı karyerasını yeni mövsümdən Premyer Liqada mübarizə aparacaq "Turan Tovuz"da davam etdirsin. Hətta əldə etdiyimiz məlumata görə, təcrübəli futbolçu Tovuz klubunun rəhbərliyinə bununla bağlı ilkin razılıq da verib. Lakin son anda fikrini dəyişən Məmmədov, "Şamaxı"ya keçməyə üstünlük verib. Millimizin sabiq üzvü qarşıdakı mövsümü məhz Şamaxı təmsilçisində keçirəcək.
 
"Turan Tovuz"a getməkdən imtina edən digər tovuzlu futbolçu isə Amil Yunanovdur. O, 2021-ci ilin yayından "Şamaxı"da çıxış etsə də, bu yay klubdan ayrılması gözlənilirdi. Elvin kimi, Amil də yetirməsi olduğu "Turan Tovuz" klubuna qayıtmaq şansı olduğu halda, "Şamaxı"da qalmağa qərar verib.
 
Xatırladaq ki, Yunanov 2018-2019-cu illər aralığında da "Keşlə"də forma geyinib. 29 yaşlı hücumçu "Qəbələ", "Neftçala", "Rəvan", "Sumqayıt" və "Səbail"in də uğurları üçün çalışıb.
 
Məmmədov isə 2020-ci ildən "Sumqayıt"da çıxış edirdi. O, 2018-2019-cu illər aralığında da bu klubda forma geyinib. Elvinin uğurları üçün çalışdığı komadalar arasında "Turan Tovuz", "İnter" (indiki "Şamaxı"), "Qarabağ", "Bakı", "Zirə", "Qəbələ" və "Zirə" də var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest