Futbolun İnkişafı Fondunun (FİF) icraçı direktoru Tural Piriyevin matc.az saytına müsahibəsi
 
- Bölgələrə səfər çərçivəsində Tovuzdakı görüşləriniz hansı mənada əlamətdar oldu?
- Tovuza səfərimizin əsas məqsədi "Turan Tovuz"un Premyer Liqaya qayıdışı və  Futbolun İnkişaf Fondunun (FİF) fəaliyyəti barədə yerli ictimaiyyəti məlumatlı etmək, onlar tərəfindən kluba mümkün dəstək istiqamətlərini təqdim etmək idi. Bununla əlaqədar Tovuz İcra Hakimiyyətinin dəstəyi ilə geniş tədbir təşkil olundu. Tədbirdə fəaliyyətimiz barədə ətraflı məlumat verdik, həmçinin ianə platformamız və qarşıdakı günlərdə istifadəyə veriləcək ianə layihəmizi təqdim etdik. Bununla yanaşı, klubla birgə planlarımızı müzakirə etmək imkanımız oldu. Qarşıdakı günlərdə qeyd etdiyim ianə layihəsi və klubla birgə bəzi layihələrimiz barədə geniş məlumat paylaşacağıq. Onu da qeyd edim ki, səfərimizin ilk günü Gəncəyə idi. Orada Gənclər və İdman İdarəsinin rəisi Həmid Nəsirov, "Kəpəz"in icraçı direktoru İlqar Nadiri ilə birgə görüşümüz oldu. İyulun sonlarında Gəncədə təşkil olunması planlanşdırılan tədbiri və digər planları müzakirə etdik.
 
- Yerli icra başçısı ilə görüşdə "Turan Tovuz"a maliyyə yardımı, sponsorluq məsələsi müzakirə olundu?
- Tovuz İcra Hakimiyyəti ilə və şəxsən icra başçısı Məmməd Məmmədovla çox sıx əməkdaşlığımız formalaşıb. İstər bu səfər çərçivəsində, istərsə də daha öncə mütəmadi kontaktda olmuşuq. İcra başçısı fəaliyyətimizlə, xüsusilə klub üçün dayanıqlı maliyyə mənbələri formalaşdırmaqla bağlı gördüyümüz işlərdən məlumatlıdı. Son səfərimiz çərçivəsində də icra başçısı ilə bununla bağlı müzakirə apardıq, sponsor cəlb olunması yönündə görülmüş son işlərlə bağlı məlumat verdik. Onu da qeyd edim ki, Tovuzda təşkil edilən tədbir məhz icra başçısının təşəbbüsü ilə təşkil olunmuşdu.
 
- 2020-ci ildə Tovuz döyüşlərində general-mayor Polad Həşimovun şəhid olduğu Qaraqaya postuna da baş çəkmisiz. Həmin ziyarətlə bağlı xatirələriniz necədi?
- Tovuza səfərimiz zamanı yaxın günlərdə ikinci ildönümü olacaq Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimov və daha 11 hərbçimizin şəhid olduğu Ağdam kəndi ərazisindəki Qaraqaya yüksəkliyinə baş çəkmək imkanımız oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
 
- Bu ilin əvvəllərində yaradılan Futbolun İnkişafı Fondu qısa müddətdə nələrə nail ola bildi?
- Bu müddət ərzində Fondun Himayəçilər Şurasının yeni heyəti təyin olundu və strategiyası hazırlandı. Futbolun İnkişaf Fondu ilkin mərhələdə 5 regionda (Gəncə, Mingəçevir, Lənkəran, Tovuz, Zaqatala) fəaliyyət göstərir. Bildiyiniz kimi, "Turan Tovuz" və "Kəpəz"in Premyer Liqada iştirakının təsdiqlənməsi ilə avtomatik olaraq bu iki region prioritetə çevrildi. Məhz bu səbəbdən həmin regionlarda fəaliyyətimiz aktivləşdi, ora FİF-in region nümayəndələrini təyin etdik. Bu müddətdə sorğu və görüşlər keçirərək, əldə olunan nəticələrdən iş prosesimizdə mütəmadi olaraq istifadə edirik. Klublara dayanıqlı maliyyənin cəlb olunması üçün müxtəlif şirkətlərə tərəfdaşlıq təklifləri hazırlayıb göndəririk. Yaxın zamanda istifadəyə veriləcək ianə portalımızda xüsusilə şəffaflığın təmin olunması üçün yekun işlər görülür. Bununla yanaşı, yuxarıda qeyd etdiyim iki region klubunun Premyer Liqaya yenidən qayıtması səbəbilə ilk olaraq "Turan Tovuz", daha sonra "Kəpəz" üçün ianə layihəmizi qısa zamanda təqdim edəcəyik. İyulun əvvəlində artıq Tovuzda baş tutan, axırlarında isə Gəncədə İcra Hakimiyyətlərinin dəstəyilə geniş tədbir təşkil olunacaq. Yaxın zamanda həm ianə portalı, həm də ianə layihəsi barədə ətraflı məlumat veriləcək.
 
- Təyinatınızdan dərhal sonra keçirilən mətbuat konfransında demişdiniz ki, Premyer Liqada klub saxlamaq üçün ilkin olaraq 2 milyon manat lazımdı və bunun yarısını AFFA qarşılayacaq. Bu vəsaitin digər yarısı üçün sponsor axtarışları nə yerdədir?
- Sponsor axtarışları davam edir. Mütəmadi görüşlər keçirir, potensial sponsor şikətlərə təklif paketləri göndəririk. Onu da qeyd edim ki, kluba sponsor tapılması prosesi bir qədər vaxt tələb edir. Müzakirələr aparılan şirkətlərin dərindən öyrənilməsi, onlarla klubun maraqlarının kəsişmə nöqtəsinin müəyyən edilməsi və buna uyğun tərəfdaşlıq təklifinin hazırlanması önəmlidi.
 
- Bölgə klublarına dəstək üçün yerli azarkeşlərə də çağırış etmişdiniz. Bu yöndə bir irəliləyiş varmı?
- Bəli, belə çağırışları mütamədi edirik. Ancaq tək çağırış etməklə iş bitmir, bununla bağlı mexanizmlər də olmalıdı. İlk belə imkanı yuxarıda qeyd etdiyim kimi, qarşıdakı günlərdə Tovuz regionu üçün yaradacağıq. Təqdim etdiyimiz ianə layihəsinin köməyi ilə yerli ictimaiyyət və futbol azarkeşləri kluba avtobus alınması üçün maliyyə toplanmasında iştirak edə biləcəklər. Eyni layihəni Gəncədə də planlaşdırırıq. Əsas ianə platformamız fəaliyyətə başladıqdan sonra isə azarkeşlərin sevimli klublarına dəstək göstərməsi üçün daha çox imkanı olacaq.
 
- Futbolun İnkişafı Fondunun bundan sonrakı dönəm üçün planları nələrdi?
- Qısa müddətdə qarşımıza qoyduğumuz məqsədlər əsas ianə platformamızın fəaliyyətə başlaması, Gəncə və Tovuz regionlarında olan planlarımızın həyata keçirilməsidi. Həmçinin, bu ayın sonuna qədər Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Gəncədə geniş tədbir təşkil etməyi planlaşdırırıq. Bu iki regiondan topladığımız təcrübə digər regionlarımızla bağlı planların daha sürətlə həyata keçirilməsinə kömək edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest