Türkiyənin "Trabzonspor" klubu yarımmüdafiəçisi Fusseni Diabate ilə yollarını ayırıb. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi Malidən olan 26 yaşlı futbolçunu Serbiyanın "Partizan" klubuna satıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Futbolçunun gələcək satışından da 5 faizinin Trabzon klubuna ödəniləcəyi diqqətə çatdırılıb.
 
Fusseni Diabate 2020-ci ilin sentyabr ayında İngiltərənin "Lester Siti" klubundan "Trabzonspor"a transfer olunmuşdu. Lakin o, bu komandanın heyətində çox oyun şansı qazanmayıb. Cəmi 7 oyuna çıxmış futbolçu bu üzdən "Göztəpə" və "Girəsunspor"a icarəyə verilib. O, ötən mövsüm Girəsun təmsilçisində 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.
 
Diabate daha öncə Türkiyədə "Sivasspor" klubunun da formasını geyinib. Onun oynadığı komandalar arasında Fransanın "Amyen" və "Ayaçço" klubları da var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest