Futbol meneceri Səbuhi Səfiyarlının matc.az saytına müsahibəsi
 
- "Qarabağ"ın çempionlar Liqasının I təsnifat mərhələsində "Lex"ə 0:1 hesabı ilə məğlub olduğu səfər matçını stadiondan izlədiz. Təmsilçimizin üstün oyunu nəticəyə əks etdirməsinə nə mane oldu?
- Düzü, azarkeşlərin sosial şəbəkədə "Qarabağ"ın oyununa etirazını başa düşmədim. çünki oyun baxımından "Qarabağ"a irad bildirmək mümkün deyildi. "Qarabağ" bildiyimiz oyununu sərgilədi. Təlim-məşq toplanışından sonra mövsümün ilk görüşü olması, futbolçuların funksional hazırlığının planlaşdırılan səviyyəyə çatmadığı görünürdü. Bu üzdən də bəzi elementləri həyata keçirməkdə çətinlik çəkirdilər. Ancaq topa yiyələnmək faizi, qapıya zərbələr, künc zərbələri kimi statistik göstəricilər "Qarabağ"ın qarşılaşmaya rəqibindən yaxşı hazırlaşdığından xəbər verirdi. Təmsilçimizin oyununda çatmayan yeganə şey qol idi. "Lex"in qapıçısı iki dəfə komandasını qoldan xilas elədi. Müdafiədə kompleks səhvlər nəticəsində "Qarabağ" qol buraxdı. Həmin epizodda Abdullah Zubir rəqiblə sona qədər oynamadı, Riçard Almeyda öz oyunçusunu axıra qədər izləmədi. Bu da mövsümün ilk matçı olmasından qaynaqlanırdı. çünki komanda oyun tempinə hələ tam uyğunlaşa bilməmişdi.
 
- "Lex"i artıq daha yaxından tanımaq imkanınız oldu. Bakıdakı revanş matçından nə gözləyirsiz?
- "Qarabağ" barədə yetərincə informasiya var, ötənilki heyətdi, eyni oyun sistemidi. Amma rəqiblə bağlı material çox az idi, baş məşqçisi yeni idi, oyun sistemində dəyişikliklər ola bilərdi. Cavab oyunu tamam başqa cür olacaq. Komanda artıq rəqibi yaxşı tanıyır, heyətini, oyun fəlsəfəsini bilir. Bu baxımdan cavab matçına daha ümidliyik. Azarkeşlərin oyundan narazılığını qeyd etdim. Elə nəticədən də narazılıqlarını başa düşmədim. Biz nə yığma, nə klub, nə də çempionat səviyyəsində Polşadan irəlidə deyilik. Bizim komandadan Polşa çempionu üzərində səfərdə qələbə tələb eləmək bir az haqsızlıqdır. Deməli, "Qarabağ" yaxşı oynayır ki, azarkeşlər məğlubiyyətə təəssüflənir. "Qarabağ" zəif çıxış etsəydi, heç kim Polşa çempionu üzərində səfərdə qələbə tələb eləməzdi. Hətta görüşün gedişində də hamıda qol ümidi var idi. Sadəcə, anlaşmada bir az problemlər var, futbolçuların hazırlıq səviyyəsi hələ pik nöqtəyə çatmayıb. Cavab matçında fərqli olacaq.
 
- İyulun 21-də Konfrans Liqasındakı klublarımız mübarizəyə qoşulacaq, dərhal sonra Premyer Liqada yeni mövsüm başlayacaq. Komandalarımızın həm avrokuboka, həm də çempionata hazırlıq mərhələsində yaxşı və pis mənada əsas diqqətinizi çəkən nələrdi?
- Pis mənada diqqətimi çəkən "Neftçi"nin baş məşqçi təyinatında bir az gecikməsi oldu. Onun da subyektiv səbəbləri var idi. Amma transferləri vaxtında çatdırdılar. Yeni gələnlərin oyuna hazırlaşmaq üçün 2-3 həftə vaxtları oldu. ötən mövsümdəki səhvlər təkrarlanmadı. Artıq yeni baş məşqçi və heyətlə yoldaşlıq görüşü də keçiriblər. Hələ "Aris"lə matça da vaxt var. "Zirə"nin hələ də transferlərə gecikməsi narahat edən məqamdı. Konfrans Liqasına da cəmi 10 gün vaxt qalıb. Yeni transferlərin komandaya uyğunlaşmağa, dəst-xəttə oturuşmağa vaxtı çatmaya bilər. çox güman ki, "Zirə" "Makkabi" ilə görüşə qədər yeni transfer həyata keçirməyəcək. üstəlik, rəqib də çox güclüdür. Düzdür, "Makkabi"nin yeni transferləri zədələnib, Bakıdakı qarşılaşmaya gəlmələri gözlənilmir. Buna baxmayaraq, israillilər kağız üzərində favoritdi. Ancaq "Zirə" də çempionat matçlarında dəfələrlə göstərib ki, güclü rəqiblərə qarşı nəticəyə oynamağı bacarır. Onların bu bacarığına ümidim var. "Qəbələ"nin heyətini qoruması çox yaxşı haldı. Əlavə olaraq 1-2 transferlə lazımi mövqeləri gücləndirdi. "Qəbələ"nin də rəqibi güclüdür. Bu cütlükdə Azərbaycan klubunu favorit saymaq düzgün olmaz. Deyərdim ki, "Fehervar"ın cüzi üstünlüyü var. "Qəbələ" isə hər an təəccübləndirməyi bacaran futbol göstərir.
 
- Sırf çempionata hazırlaşan klubların durumları ürəkaçandı?
- Düzü, klublarımızın transferlərinə baxanda adama elə gəlir ki, sanki çempionat avqustun yox, sentyabrın 5-də başlayacaq. çünki çox arxayındılar. "Şamaxı"da hələ də qeyri-müəyyən vəziyyətdi. "Sumqayıt"da əcnəbi transferlərinə icazə verilib, hətta bir yeni oyunçu da gəlib. Bir neçəsini də gətirməlidi, ancaq ortada heç nə yoxdu. "Turan Tovuz", "Kəpəz" tam komplektləşməyib. Bu klublar gecikirlər. Onları da başa düşürəm. çünki AFFA özü belə, onlara hansı şəkildə yardım göstərəcəyini tam bilmir. Ən müsbət hal kimi "Sabah"ı qeyd eləmək olar. ötənilki güclü heyəti qoruyub saxlamaqla yanaşı, daha da güclənirlər. Hətta eşitdiyimə görə, bəzi mövqeləri daha da gücləndirmək istəyirlər. İstər yerli, istərsə də əcnəbi oyunçu baxımından planlı şəkildə iş görürlər.
 
- Klublarımızın bu yay İsrail bazarına xüsusi maraq göstərməsinin səbəb nədi?
- Açığı, bu, mənim üçün də maraqlı idi. İsrail bazarını yaxşı bilən tanış menecerlərlə bir az maraqlandım. Belə bir məlumat aldım ki, İsraildə əvvəlki illərlə müqayisədə futbolçulara ödənilən məbləğ azaldılıb. Klubların ödəmə qabiliyyətinin azalması səbəb ola bilər. Əvvəllər bizim klubların təklifləri onlara o qədər də maraqlı gəlmirdi. İndi isə buradakı maliyyə görünür ora ilə müqayisədə daha cəlbedicidi. 
 
- Premyer Liqanın 10 klubu ölkə xaricindən ümumilikdə hələlik 15 yeni əcnəbi gətirib. Baş məşqçilərin ən çox gileyləndiyi məqam da əcnəbilərin bura gəlmək istəməmələridi. Bəs menecerlər həmin oyunçularla danışıqda nə kimi çətinliklərlə, problemlərlə üzləşir?
- Klublar da menecerlər vasitəsilə transfer etdiyindən çətinlik eynidi. Azərbaycan çempionatını cəlbedici olmaması, azarkeşlərin oyunlara böyük maraq göstərməməsi əcnəbilərin bura gəlməkdə ehtiyatlı davranmalarına səbəb olur. Əvvəllər klublarımızın yaxşı ödəmə qabiliyyəti olduğu üçün maddi cəhətdən kompensasiya edə bilirdilər. İndi bunu edə bilmədiyimiz üçün futbolçular eyni pula Avropaya daha yaxın, skautların daim izlədiyi daha maraqlı çempionata getməyə həvəs göstərirlər.
 
- Daha bir yaralı yerimiz olan ölkə xaricinə oyunçu sata bilməməyi necə əsaslandırmaq olar? Azərbaycan klubları nə vaxt Zaqreb "Dinamo"su, "Lex" və bu cür bir çox klublar kimi Avropa klublarının diqqətini çəkə biləcək?
- Biz heç orta səviyyəli klubların diqqətini çəkə bilmirik. "Dinamo", "Lex" bir yana, hətta Belarus, Moldova klubları da bu baxımdan bizdən üstündülər. Moldova klubları bu gün Rumıniyaya, İsrailə, Yunanıstana oyunçu sata bilirlər. Məsələ burasındadı ki, bizim klubların iş prinsipində bəzi yanlışlıqlar var. Bütün klublarımız istəyir ki, futbolçu gətirsin və avrokuboklara düşsünlər. çempionatın əvvəlində hamısının hədəfi avrokuboka oynamaqdı. Elə ötən il 8 klubun hamısı qarşısına avrokuboka çıxmaq məqsədi qoymuşdu. Avropaya düşən klubları hardasa başa düşmək olar, onlar oyunçu perspektivinə işləmir, pul xərclədikləri üçün nəticə göstərmək istəyirlər. Elə klublar var ki, hazırkı nəticəyə yox, perspektivə işləməlidi. Düzdü, avrokuboka düşməkdə məqsəd də odu ki, UEFA-dan gələn puldan götürsün. Ancaq başa düşmək lazımdı ki, cəmi 4 komanda ora gedə bilər. Qalanları başqa strategiya hazırlamalıdı ki, bunun da biri gənc əcnəbilər gətirmək olmalıdı. Belə təkliflər çox olur. Amma klublarımız onu başa düşüb qəbul eləməlidilər. 3-5 il nəticə qazanmağı kənara qoyub, gənc əcnəbini gətirib 2-3 il oynatmalı, daha sonra yaxın ölkələrə satmalıdı. 25-26 yaşında bura gələn əcnəbini 1-2 il oynatdıqdan sonra heç yerə sata bilməyəcəksən.
 
- Bəlkə bunda xaricə gedən futbolçularımızın çox keçmədən geri qayıtmalarının da rolu var?
- Heç yerliləri demirəm, hansı əcnəbi futbolçunu xarici kluba satmışıq? Bizim özümüzünkülərlə bağlı səbəblər çoxdu. Klublarımızın heç biri xaricə oyunçu satmaq sahəsində fəaliyyət göstərmək istəmir.
 
- Yenidən Vətənə qayıdan Namik Ələskərov, Vüsal İsgəndərli, Emil Balayevə uğurlu legioner karyerası üçün nə mane oldu?
- Uşaq futbolundan qaynaqlanan futbolçu hazırlığından tutmuş, mentalitetə, rəqabətə, çətinliklərə dözməyə qədər çox səbəblər var. Reallıq budu ki, bizim futbolçuların səviyyəsi Avropada stabil oynamağa imkan vermir. Bizim futbol məktəblərindən çıxan uşaqların səviyyəsi xarici çempionatlarda oynamağa imkan vermir. İmkanı çatan oyunçular da öz ölkəmizdə ehtiyac yarandığı üçün xaricə getməyə həvəs göstərmirlər.
 
- Menecer kimi daha çox bura oyunçu gətirməyə diqqət yetirirsiz, yoxsa azərbaycanlıları xaricə çıxarmağa?
- Fərqi yoxdu. Bizim iş biznesdi. Klublar xaricdən oyunçu gətirib, daha sonra harasa satmaqda maraqlı deyillər. Bizə burdan oyunçu aparmaq da maraqlıdı, xaricdən gətirmək də. Elə futbolçu var ki, burdan aparmaq, eləsi də var ki, bura gətirmək sərf edir.
 
- İndiyə qədərki ən uğurlu və uğursuz transferiniz kimi sayırsız?
- Son mövsümü götürsək, ən uğurlu transfer kimi Felipe Santosu qeyd edərəm. "Şamaxı"da çox yaxşı mövsüm keçirdi. Uğursuz da "Qəbələ"yə gələn Patrik Robsonun adını çəkə bilərəm. Ondan çox şey gözləyirdik. Oyunları, haqqında aldığımız məlumatlar daha parlaq oynayacağına işarə idi. Ancaq burda uyğunlaşmaqda çətinlik çəkdi. Sevindirici hal o oldu ki, klubu ziyana salmadı. Onun məsələsini kluba ziyan dəymədən həll edə bildik.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest