İspaniyanın "Sevilya" klubu iki futbolçusunu icarəyə verib. Matc.az xəbər verir ki, La Liqa təmsilçisi müdafiəçisi Ludviq Auqustinssonu İngiltərənin "Aston Villa", yarımmüdafiəçisi Oskar Rodriqesi isə "Selta"ya icarəyə göndərib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hər iki futbolçu mövsümün sonuna kimi icarəyə verilib. Rodriqesdən fərqli, Auqustinsson satınalma şərti ilə icarəyə götürülüb.
 
Ludviq Auqustinsson 2021-ci ildən "Sevilya"da çıxış edirdi. İsveçli sol cinah müdafiəçisi geridə qalan mövsümdə bu komandanın heyətində 27 matça çıxıb. 28 yaşlı futbolçu daha öncə "Brommapoykarna", "Göteborq", "Kopenhagen" və "Verder" komandalarının da uğurları üçün çalışıb. İsveç yığmasında 46 oyun keçirmiş müdaifəçi, 2 qol vurub.
 
Oskar Rodriqes isə 2020-ci ilin yayından "Sevilya"dadır. İspaniyalı futbolçu bu komandanın heyətində 44 oyun keçirib, 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, bu ilin əvvəlində "Xetafe"yə də icarəyə verilmişdi. Madrid "Real"ının yetirməsi olan futbolçu, "Leqanes"də də çıxış edib. 24 yaşlı futbolçu İspaniyanın əsas milli komandasında 2 oyuna çıxıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest