İtaliyanın "Latsio" klubu heyətini yeni futbolçularla gücləndirib. Matc.az xəbər verir ki, A Seriyası təmsilçisi "Milan"dan Alessio Romanyolini, Madrid "Real"ından Mario Xilanı, "Qranada"dan isə Luis Maksimianonu transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Alessio Romanyoli və Mario Xila ilə 5, Luis Maksimiano ilə də 4 illik müqavilə imzalanıb. 
 
Romanyoli "Latsio"nun əzəli rəqibi olan "Roma"nın yetirməsidir. Mərkəz müdafiəçisi 2015-ci ildə "Roma"dan "Milan"a keçmişdi. 27 yaşlı futbolçu Milan təmsilçisinin heyətində meydana çıxdığı 247 oyunda 10 qol vurub. O, İtaliya millisində də 12 oyuna çıxıb, 2 qola imza atıb.
 
Luis Maksimiano isə Portuqaliyanın "Sportinq" klubunun yetirməsidir. Portuqaliyalı qolkiper 2021-ci ildən "Qranada"da forma geyinirdi. 23 yaşlı qapıçı bu komandanın heyətində geridə qalan mövsümdə 35 matça çıxıb.
 
Mario Xila isə "Real"ın yetirməsidir. İspaniyadan olan 21 yaşlı futbolçu İspaniya klubunda daha çox əvəzedici komandada forma geyinib. Mərkəz müdafiəçisi olan Xila, Madrid təmsilçisinin əsas komandasında cəmi 2 oyuna çıxıb.
 
"Latsio" iki futbolçusu ilə də yollarını ayırıb. Bunlardan biri Lukas Leyvadır. Braziliyadan olan 35 yaşlı yarımmüdafiəçi ilə yeni müqavilə imzalanmasına ehtiyac duyulmayb. Təcrübəli futbolçu azad agent kimi ölkəsinin "Qremio" klubuna keçib və 2023-cü ilin yayına kimi müqavilə bağlayıb. Hansı ki, o, məhz bu klubun yetirməsidir. Lukas Leyva 2007-ci ildə "Qremio"dan ayrılaraq İngiltərənin "Liverpul" klubuna transfer olunmuş və düz 10 il Premyer Liqa təmsilçisnin uğurları üçün çalışmışdı. Dayaq yarımmüdafiəçisi 2017-ci ildən formasını geyindiyi "Latsio"da 198 matça çıxıb, 4 qol vurub. Leyva Braziliya millisində də 24 matça çıxıb.
 
"Latsio" argentinalı müdafiəçisi Tyaqo Kasasola ilə də vidalaşıb. 26 yaşlı futbolçu İtaliyanın digər klubu "Peruca"ya transfer olunub. 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest