Türkiyənin "Fənərbaxça" klubu yarımmüdafiəçisi Mesut özillə yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb. Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
 
özil "Fənərbaxça"ya 2021-ci ilin yanvarında İngiltərənin "Arsenal" klubundan ayrılaraq, azad agent kimi keçmişdi. O, bu komandada cəmi 37 matça çıxıb və 9 qola imza atıb. Daha öncə "Şalke", "Verder" və "Real"da da oynamış futbolçu, Almaniya yığmasında 92 oyuna çıxıb, 23 qol vurub.
 
Artıq özilin yeni komandası da məlumdur. Təcrübəli futbolçu Super Liqanın digər iddialı komandası "Başakşəhər"lə anlaşıb. İstanbul klubu sosial media hesablarında bu transferlə bağlı maraqlı paylaşımlar etsə də, tərəflər arasındakı müqavilənin müddəti və digər detalları bəlli deyil.
 
Yeri gəlmişkən, "Fənərbaxça" gənc futbolçusu Uğur Kaan Yıldızla da yollarını ayırdığını açıqlayıb. Sağ cinah müdafiəçisi olan 19 yaşlı futbolçu "Göztəpə"yə transfer olub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest