Futbol üzrə Polşa millisinin və Almaniyanın "Bayern" klubunun hücumçusu Robert Levandovskinin İspaniya "Barselona"sına transferi rəsmiləşib

Futbol üzrə Polşa millisinin və Almaniyanın "Bayern" klubunun hücumçusu Robert Levandovskinin İspaniya "Barselona"sına transferi rəsmiləşib. Matc.az xəbər verir ki, 33 yaşlı futbolçunun bundan sonra karyerasını İspaniyada davam etdirəcəyini həm Kataloniya, həm də Münhen təmsilçisi rəsmi saytları vasitəsilə təsdiqləyib.
 
Artıq Kataloniyada olan təcrübəli hücumçu, tibbi müayinələrdən uğurla keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq. Transferlə bağlı detallara da ondan sonra aydınlıq gələcək.
 
Levandovski 2014-cü ilin yanvarından "Bayern"də çıxış edirdi. Polşalı hücumçu bu komandanın heyətində meydana çıxdığı 375 matçda 344 qola imza atıb. Polşa yığmasında 132 oyun keçirmiş futbolçu, 76 qol vurub.
 
 
Levandovskini "Barselona"ya satan "Bayern" digər futbolçusu Serj Qnabri ilə də yeni müqavilə bağlayıb. Klubun rəsmi saytının yaydığı məlumata görə, 27 yaşlı yarımmüdafiəçi yeni sözləşməyə əsasən, 2026-cı ilin yayına qədər bu komandada qalacaq. Qnabri 2017-ci ildən "Bayern"də forma geyinir. O, Münhen təmsilçisinin heyətində meydana çıxdığı 171 oyunda 63 qol vurub. Almaniyalı vinger yığmada keçirdiyi 34 oyunda 20 qolla yadda qalıb.
 
"Bayern" gənc futbolçusu Malik Tillmanı da Şotlandiyanın "Reyncers" klubuna icarəyə verib. 20 yaşlı oyunçunun qarşıdakı mövsümün sonuna kimi bu komandada çıxış edəcəyi bildirilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest