Bu yay "Yuventus"dan azad agent kimi ayrılan Argentina yığmasının hücumçusu Paulo Dibala karyerasını "Roma"da davam etdirəcək. Matc.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
 
28 yaşlı forvardla 3 illik müqavilə imzalanıb. Dibala yeni komandasında 21 nömrəli formanı geyinəcək.
 
Dibala 2015-ci ildən "Yuventus"da çıxış edirdi. Argentinalı futbolçu bu komandada 293 matçda 115 qola imza atıb. Argentina yığmasında 34 oyun keçirmiş hücumçu, cəmi 3 qol müəllifi olub.
 
Yeri gəlmişkən, ötən gün niderlandlı müdafiəçisi Matteys de Liqti Almaniya çempionu "Bayern"ə satan "Yuventus" da heyətinə yeni futbolçu cəlb edib. Turin klubu "Torino"nun müdafiəçisi Qleyson Bremeri transfer edib. Braziliyalı futbolçu tibbi müayinədən keçmək və müqavilə imzalamaq üçün Turinə gəlib. "Yuve" bu transferə görə qarşı tərəfə 41 milyon avro ödəyəcək. 25 yaşlı futbolçu ilə 2027-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanacaq.
 
Bremer "Torino"nun heyətində 110 oyuna çıxıb, 13 qol vurub və 5 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest