İngiltərə çempionu "Mançester Siti" iki futbolçusunu icarəyə göndərib. Matc.az xəbər verir ki, Premyer Liqa nəhəngi qapıçısı Zak Steffeni "Midlsbro"ya, yarımmüdafiəçisi Luis Fiorinini isə "Blekpul"a icarəyə verib.
 
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Hər iki futbolçu qarşıdakı mövsümün sonuna qədər sözügedən komandaların uğurları üçün çalışacaq.
 
Zak Steffen 2019-cu ildən "Mançester Siti"də çıxış edirdi. ABŞ yığmasının da üzvü olan 27 yaşlı qapıçı "şəhərlilər"in heyətində cəmi 21 oyuna çıxıb. İngiltərə klubu amerikalı qolkiperi 2019/20 mövsümündə Düsseldorf "Fortuna"sına (Almaniya) da icarəyə vermişdi. Steffen "Frayburq", "Kolumbus Kryu" və "Pittsburq" kimi komandalarda da oynayıb. O, ABŞ yığmasında 29 oyun keçirib.
 
Luis Fiorini isə "Mançester Siti"nin öz yetirməsidir. İtaliya əsilli futbolçu İngiltərədə dünyaya göz açmasına baxmayaraq, Şotlandiyanın U-21 yığmasının üzvüdür. O, əvvəlki mövsümlərdə "NAK Breda" və "Linkoln Siti" kimi klublarda da icarədə oynayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest