"Ayaks" heyətini yeni futbolçularla gücləndirib. Matc.az xəbər verir ki, Niderland klubu Şotlandiya "Reyncers"indən Kalvin Bessini, Portuqaliya "Portu"sundan isə Fransisko Konseysaonu transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hər iki futbolçu ilə 5 illik müqavilə imzalanıb.
 
"Ayaks" Fransisko Konseysao üçün "Portu"ya 5 milyon avro ödəyib. 19 yaşlı forvard "Portu"nun öz yetirməsidir. O, 2020-ci ildən bu klubun əsas komandasında forma geyinirdi. Futbolçu bu komandada 39 oyuna çıxıb, 2 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub. Portuqaliyanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynamış futbolçu, hazırda U-21-in şərəfini qoruyur.
 
Kalvin Bessi isə İngiltərənin "Lester Siti" klubunun yetirməsidir. O, 2020-ci ildən "Reyncers"də çıxış edirdi. Nigeriyadan olan 22 yaşlı futbolçu müdafiənin həm solunda, həm də mərkəzində oynaya bilir. Gənc futbolçu Şotlandiya klubunun əsas komandasında 65 oyuna 1 qol vurub, 6 məhsuldar ötürmə edib.
 
"Ayaks" bu transfer üçün "Reyncers"ə 23 milyon funt-sterlinq ödəyəcək. Bu isə Niderland klubunun indiyə qədər bir futbolçu üçün ödəyəcəyi ən yüksək məbləğdir.  
 
Xatırladaq ki, "Reyncers"in bundan əvvəl ən yüksək məbləğə satdığı futbolçu Natan Patterson idi. O, bu ilin əvvəlində İngiltərənin "Everton" klubuna 16 milyon funt-sterlinqə satılmışdı.
 
"Ayaks" sabiq hücumçusu Brayan Brobbini də geri qaytarıb. 20 yaşlı futbolçu 2021-ci ilin iyununda Amsterdam təmsilçisindən azad agent kimi ayrılaraq Almaniyanın "Leypsiq" klubu ilə müqavilə bağlamışdı. Amma "Ayaks" onu geri almaq üçün 16.35 milyon avro təzminat ödəyib. Futbolçunun performansından asılı olaraq, daha 3 milyon avro bonus nəzərdə tutulub. Almaniya klubuna möhkəmlənə bilməyən niderlandlı hücumçu bu ilin əvvəlində "Ayaks" tərəfindən icarəyə götürülmüşdü. O, bu komandada 13 oyuna 7 qol vurub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest