İtaliyanın "Udineze" klubu heyətini yeni futbolçularla gücləndirib. Matc.az xəbər verir ki, A Seriyası təmsilçisi mərakeşli müdafiəçi Adam Masina və sloveniyalı yarımmüdafiəçi Yaka Biyolu transfer edib.
 
İngiltərənin "Uotford" klubundan transfer olunmuş Adam Masina ilə 3 illik müqavilə imzalanıb. İtaliya klubunun bu transfer üçün İngiltərə təmsilçisinə nə qədər ödədiyi açıqlanmır. 28 yaşlı futbolçu 2018-ci ildən "Uotford"da forma geyinirdi. O, bu klubda keçirdiyi 4 il ərzində 90 oyuna 3 qol vurub, 4 məhsuldar ötürmə edib. 2012-2018-ci illər aralığında İtaliyada "Bolonya"nın uğurları üçün çalışmış sol cinah müdafiəçisi, bir müddət "Cakomense"də icarədə də olub. Mərakeşli futbolçu ölkəsinin yığma komandasında da 12 oyun keçirib.
 
Yaka Biyol isə Rusiyanın çSKA (Moskva) klubundan transfer olunub. 23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Bu keçid üçün Rusiya klubuna 4 milyon avro təzminat ödənilib.
 
Sloveniyalı futbolçu 2018-ci ildən çSKA-da çıxış edirdi. O, bu komandada 4 mövsüm ərzində 96 oyuna çıxıb, 7 qola imza atıb. 2020/21 mövsümündə Almaniyanın "Hannover" klubunda icarədə oynamış dayaq yarımmüdafiəçisi, Rusiyaya gələnə qədər də Sloveniyanın "Rudar" komandasının uğurları üçün çalışıb. Sloveniya yığmasında 31 oyuna çıxmış futbolçu, 1 qol vurub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest