PSJ-nin braziliyalı hücumçusu Neymar yenə də məhkəmə qarşısına çıxmalı olacaq. Matc.az xəbər verir ki, o, bu dəfə korrupsiyada ittiham olunur. 
 
Məhkəmə oktyabrın 17-də Barselonada keçiriləcək. Neymardan savayı daha 5 nəfər ittiham edilir. İttihamçı tərəf Neymarın "Barselona" ilə bağladığı müqavilədə korrupsiya elementlərinin olduğunu iddia edir.
 
İttiham olunanlar arasında Neymarın valideynləri, həmçinin "Barselona"nın keçmiş prezidentləri Sandro Rosel və Xosep Maria Bartomeu da var. 
 
İddianı, Neymar "Santos"da olduğu və "Barselona"ya transfer edildiyi zaman onun hüquqlarının 40 faizinə sahib olan Braziliyanın DIS şirkəti qaldırıb. Şirkət, futbolçunun, onun qohumlarının və "Barselona"nın uydurduğu fırıldağın qurbanı olduğunu iddia edir və 150 milyon avrodan çox təzminat istəyir. 
 
DIS və prokurorlar hesab edir ki, Neymar və atası 2011-ci ildə "Barselona" ilə iki saxta müqavilə imzalayıb. 
 
Prokurorluq Neymarın iki il həbs edilməsini, 10 milyon avro cərimə olunmasını tələb edir. DIS isə Neymarın beş il müddətinə həbs olunmasında israrlıdır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest