Macarıstanın "Fehervar" komandasının baş məşqçisi Mixael Boris Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib.

Macarıstanın "Fehervar" komandasının baş məşqçisi Mixael Boris Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, bu gün Qəbələdə baş tutan və 1:2 hesabıyla uduzduqları matçdan (ilk oyun 4:1) sonrakı mətbuat konfransında bunları söyləyib:
 
"Hədəfimiz mərhələ adlamaq idi və bunu bacardıq. Yaxşı olmayan tərəf uduzmağımızdır. Lakin bir neçə şansımızı, o cümlədən, penaltini qaçırdıq. Azərbaycan təmsilçisinin ilk qolu vuracağı halda, davamını gətirəcəyindən xəbərdar idik. Ona görə də bildirmişdim ki, aqressivlik göstərməliyik. Uduzmağı xoşlamıram, lakin bəzi hallarda bunu qəbul etmək məcburiyyətindəyik. "Qəbələ"ni təbrik edirəm, bura çox gözəl məkandır. Azərbaycan gözəl ölkədir. İnsanlar da çox qonaqpərvər idi. Hər kəsə təşəkkür edir, "Qəbələ"yə uğurlar arzulayıram".
 
Baş məşqçinin sözlərinə görə, onun üçün oyun iki hissədən ibarət olub. Bunların birində komandası qalib gəlibsə, digərində uduzub: "Futbolda 3 top fərqi heç nəyi ifadə etmir. Açığı, "Qəbələ"nin ikinci qolundan sonra bir qədər təşvişə düşdüm. Gözüm saatda idi ki, görək sona nə qədər qalıb. Bir tərəfdən də azarkeşlərin səsləri meydanı bürümüşdü".
 
Mixael Boris UEFA çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"ın Macarıstanın digər təmsilçisi "Ferentsvaroş"la keçirəcəyi oyunlar barədə də danışıb: "Açığı, məni öz komandamın oyunu daha çox maraqlandırır. Macarıstanın ən yaxşı komandasına qarşı mübarizə aparacaqsınız. "Qarabağ"ın İsveçrə "Sürix"i ilə hər iki oyununu izlədim, çox yaxşı komandadır. Azarkeşlərə demək istərdim ki, bacarsanız, bilet alın, çox yaxşı oyun olacaq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest