Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev vəzifəsindən ayrılıb. Matc.az xəbər verir ki, bu barədə PFL rəsmi saytı vasitəsilə məlumat yayıb.
 
Bildirilib ki, 14 ildir bu vəzifədə çalışan futbol funksioneri səhhəti ilə əlaqədar istefa verib.
 
Ramin Musayev ilk olaraq 2004-cü ilin aprelində "Neftçi"nin icraçı direktoru, həmin ilin noyabrında isə vitse-prezidenti təyin olunub. "Ağ-qaralar"da işlədiyi müddətdə komanda ilə Azərbaycan çempionu adına yiyələnib, avrokuboklarda mərhələlər keçib, 2006-cı ildə Birlik Kubokunun ilk qalibi olub.
 
2 iyul 2008-ci ildə AFFA-da keçirilən səsvermənin nəticəsinə əsasən, yeni yaradılan Peşəkar Futbol Liqasının ilk prezidenti seçilib. Yeni vəzifəyə seçildikdən sonra o, "Neftçi"dəki postunu tərk edib. Musayev 2012-ci ilin 3 iyulunda AFFA-nın inzibati binasında AFFA prezidenti Rövnəq Abdullayev və klub rəhbərlərinin iştirakı ilə keçirilən növbəti seçkidə yekdilliklə ikinci müddətə PFL prezidenti seçilib. O, PFL-in 5 iyul 2016-cı il və 14 sentyabr 2020-ci il tarixli seçkilərinin də qalibi olub.
 
PFL-in yeni prezidenti Elxan Səmədov olub. Onun bunadək VAR-da (videoköməkçi hakim) layihə rəhbəri olduğu bildirilir.
 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest