İspaniyanın "Barselona" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Kataloniya təmsilçisi Fransa millisinin və "Sevilya"nın müdafiəçisi Jül Kundeni transfer edib.
 
Bu barədə La Liqa nəhənginin rəsmi saytı məlumat yayıb. 23 yaşlı mərkəz müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb. Kataloniyalılar yeni transferə 1 milyard avro qiymət qoyduqlarını açıqlayıblar. "Barsa" özü isə bu transferə görə "Sevilya"ya 50 milyon avro ödəyib. Bonuslarla bu məbləğin maksumum 55 milyon avroya çatması mümkündür.
 
Jül Kunde Fransanın "Bordo" klubunun yetirməsidir. Müdafiəçi 2019-cu ildən "Sevilya"da çıxış edirdi. O, La Liqa təmsilçisinin heyətində bütövlükdə 133 matça çıxıb, 9 qol vurub. ötən mövsüm 44 oyuna çıxan fransız futbolçu, 3 qol vurub və 1 məhsuldar ötürmə edib. Gənc müdafiəçi Fransa milli komandasında da 11 oyun keçirib.
 
"Barselona" öz futbolçularından Mussa Vaqeni də Xorvatiyanın "Qoritsa" klubuna satıb. Bu transferin detalları açıqlanmasa da, Kataloniya klubu seneqallı sağ cinah müdafiəçisinin gələcək satışından müəyyən pay alacağını bəyan edib. Vaqe yeni komandasında 15 nömrəli formanı geyinəcək.
 
Mussa Vaqe "Barsa"ya 2018-ci ilin avqust ayında transfer olunmuşdu. Lakin 23 yaşlı müdafiəçi Kataloniya klubunda əsas heyət üzvünə çevrilə bilməyib. Bu komandada cəmi 6 oyunda çıxan futbolçu, "Nitsa" və PAOK klublarına icarəyə verilib. Seneqal yığmasında 21 oyuna 1 qol vurmuş oyunçu, daha öncə Belçikanın "Eupen" klubunda da forma geyinib.
 
İspaniya nəhəngi hücumçusu Rey Manayı da İngiltərənin "Uotford" klubuna satıb. 25 yaşlı futbolçu yeni klubu ilə 3 illik müqavilə bağlayıb. Onun gələcəkdəki satışından əldə olunacaq gəlirin 50 faizi Kataloniya klubuna ödəniləcək.
 
Rey Manay 2020-ci ilin yanvarında "Albasete"dən "Barselona"ya transfer olunmuşdu. Lakin albaniyalı hücumçu bu klubun əsas komandasında forma geyinməyib. ötən mövsümdə isə o, İtaliyanın "Spesiya" klubunda çıxış edib. Hücumçu əvvəllər "Kremoneze", "İnter", "Peskara", "Piza" və "Qranada"da da forma geyinib. Albaniya yığmasında 31 oyun keçirmiş futbolçu, 7 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest