İngiltərənin "Fulhem" klubu heyətini yeni futbolçularla gücləndirib. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Almaniyanın "Volfsburq" klubundan Kevin Mbabunu, Donetsk "Şaxtyor"undan (Ukrayna) isə Manor Solomonu transfer edib.
 
Bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb. Manor Solomon yeni klubu ilə 1, Kevin Mbabu isə 3+1 illik müqaviləyə imza atıb.
 
Manor Solomon 2019-cu ildən "Şaxtyor"da forma geyinirdi. O, bu komandanın heyətində meydana çıxdığı 106 oyunda 22 qol vurub, 9 məhsuldar ötürmə müəllifi olub.
 
İsrailli yarımmüdafiəçi daha öncə ölkəsində "Makkabi"nin (Petah Tikva) uğurları üçün çalışıb. 23 yaşlı vinger İsrail yığmasında 31 oyun keçirib, 6 qol vurub.
 
 
Solomonu azad agent kimi heyətinə qatan İngiltərə klubu, Kevin Mbabuya görə "Volfsburq"a 5.5 milyon avro ödəyib. 27 yaşlı müdafiəçi 2019-cu ildən Bundesliqa klubunda çıxış edirdi. O, bu komandanın heyətində bütövlükdə 82 matça çıxıb, 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
 
İsveçrəli futbolçu daha öncə "Servett", "Nyukasl" və "Yanq Boyz"da da forma geyinib. Mərkəz müdafiəçisi İsveçrə milli komandasında 22 oyuna çıxıb.
 
Xatırladaq ki, "Fulhem" daha öncə Portuqaliyanın "Sportinq" (Lissabon) klubundan Joao Palinyanı, "Mançester Yunayted"dən də Andreas Pereyranı heyətinə qatmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest