Almaniyanın "Şalke" klubu yarımmüdafiəçisi Viktor Palssonla yollarını ayırıb. Matc.az xəbər verir ki, İslandiyadan olan futbolçu ABŞ-ın "DS Yunayted" klubuna transfer olunub.
 
Bu barədə MLS təmsilçisinin rəsmi saytı məlumat yayıb. Amerikalılar Almaniya klubuna bu keçidə görə cəmi 500 min avro ödəyiblər.
 
Ueyn Runinin bu yay baş məşqçi təyin olunduğu "DS Yunayted" yeni transferi ilə 2+1 illik müqavilə bağlayıb. İslandiyalı futbolçu yeni komandasında 44 nömrəli formanı geyinəcək.
 
Viktor Palsson karyerasının ilk illərində "Liverpul"un gənclərdən ibarət komandasında oynayıb. Həmin vaxt İngiltərə klubu onu aşağı liqa təmsilçisi "Dagenem end Redbric" komandasına icarəyə də verib. Sonralar o, "Hibernian", "Nyu-York Red Bulls", "NEC Neymegen", "Helsinqborq", "Esbyerq", "Sürix", "Darmştadt" klublarının da formasını geyinib. 31 yaşlı futbolçu "Şalke"yə 2021-ci ilin may ayında transfer olunmuşdu. O, bu komandanın heyətində 30 oyun keçirib. İslandiya yığmasında 29 oyun keçirmiş futbolçu, 1 qol vurub.
 
"Şalke" gənc yarımmüdafiəçisi Can Bozdoğanı da Niderlandın "Utrext" klubuna icarəyə verib. 21 yaşlı futbolçunun qarşıdakı mövsümün sonunadək bu komandada forma geyinəcəyi açıqlanıb.
 
Almaniya klubunun öz yetirməsi olan türk əsilli futbolçu ötən mövsümü də "Beşiktaş"da icarədə keçirib. O, İstanbul təmsilçisində 28 oyuna 1 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.
 
Almaniyanın aşağı yaş qrupları üzrə yığmalarında da oynamış yarımmüdafiəçinin Almaniya klubu ilə 2024-cü ilin yayına kimi müqaviləsi var. Onun bazar dəyəri 4.3 milyon avrodur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest