Futbol üzrə Uruqvay yığmasının yarımmüdafiəçisi Matias Vesino İtaliyanın "İnter" klubundan ayrılıb. Matc.az xəbər verir ki, 30 yaşlı futbolçu azad agent kimi A Seriyasının digər təmsilçisi "Latsio"ya keçib.
 
Bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb. Tərəflər 3 illik müqaviləyə imza atıblar.
 
Vesino "İnter"ə 2015-ci ildə "Fiorentina"dan 24 milyon avro qarşılığında transfer olunmuşdu. O, Milan klubunda keçirdiyi 5 mövsüm ərzində 127 oyuna çıxıb, 13 qol və 7 məhsuldar ötürmə müəllifi olub.
 
Vesino əvvəllər "Kalyari", "Empoli", "Nasional" və "Sentral Espanyol" klublarının da formasını geyinib. Uruqvay yığmasında 60 oyun keçirmiş futbolçu, 4 qolla yadda qalıb.
 
Vesino ilə vidalaşan "İnter", müdafiəçisi Valentino Lazaronu da "Torino"ya icarəyə verib. Turin təmsilçisi avstriyalı futbolçunu satınalma şərti ilə mövsümün sonuna kimi icarəyə götürüb.
 
Valentino Lazaro 2019-cu ildən "İnter"də olsa da, bu komandada cəmi 11 oyuna çıxıb. Halbuki o, həmin vaxt Almaniyanın "Herta" klubundan 22.4 milyona böyük ümidlərlə transfer edilmişdi. Əsas heyət üzvünə çevrilə bilməyən sağ cinah müdafiəçisi əvvəlki mövsümlərdə "Nyukasl", "Borussiya" (Mönhenqladbax) və "Benfika"ya da icarəyə verilmişdi. O, Avstriyada "Zalsburq" və "Liferinq" klublarının da formasını geyinib. Avstriya yığmasında 36 oyun keçirmiş futbolçu, 3 qola imza atıb.
 
"Latsio" da öz yarımmüdafiəçisi Xonatan Rodriqes Menendesi (Xoni) İspaniyanın "Sportinq" (Xixon) klubuna icarəyə verib. İspaniyadan olan 31 yaşlı qolkiper 2022/23 mövsümünün sonunadək ölkəsində çıxış edəcək. O, 2020/21 mövsümündə də "Osasuna"da icarədə oynayıb. Təcrübəli vinger 2019-cu ildən formasını geyindiyi "Latsio"da cəmi 32 oyuna çıxıb. O, 2013-2016-ci illər aralığında, həmçinin 2018-ci ildə də Xixon "Sportinq"ində oynayıb. İspaniyalı futbolçu "Ovyedo", "Marino", "Xetafe", "Aviles", "Malaqa" və "Alaves"də də çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest