Türkiyənin "Ankaragücü" klubu heyətini yeni futbolçularla gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi bosniyalı müdafiəçi Nihad Muyakiç, seneqallı yarımmüdafiəçi Lamine Diak, serbiyalı yarımmüdafiəçi Uroş Radakoviç və türkiyəli qapıçı Nurullah Aslanı heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Belçikanın "Kortreyk" klubundan transfer olunmuş Nihad Muyakiçlə 4 illik müqavilə imzalanıb. 24 yaşlı mərkəz müdafiəçisi 2019-cu ildən Belçika təmsilçisində çıxış edirdi. O, bu müddətdə "Hayduk" (Split) və "Vasland-Beveren"də icarədə də oynayıb. Bosniya və Herseqovinanın aşağı yaş qrupu üzrə yığmalarında da forma geyinmiş futbolçu, daha öncə ölkəsində "Sarayevo"nun uğurları üçün çalışıb.
 
Lamine Diakla 3+1 illik müqavilə imzalanıb. 21 yaşlı futbolçu "Tuzlaspor"dan transfer olunub. Seneqallı yarımmüdafiəçi daha öncə Şimali Makedoniyanın "Şkupi" komandasında da forma geyinib.
 
Uroş Radakoviç Ankara klubu ilə 1+1 illik müqavilə bağlayıb. 28 yaşlı futbolçunun sonuncu klubu Tula "Arsenal"ı (Rusiya) olub. Serbiyalı müdafiəçi daha öncə "Novi Sad", "Novara", "Siqma", "Sparta" (Praqa), "Orenburq", "Astana", "Visla" (Krakov) kimi komandalarda, həmçinin Serbiyanın aşağı yaş qrupları üzrə yığmalarında da oynayıb.
 
Nurullah Aslan isə "Samsunspor"dan satınalma şərti ilə 1 illik icarəyə götürülüb. 25 yaşlı futbolçu 2019-cu ildən Samsun təmsilçisində çıxış edirdi. O, daha öncə "Erbaaspor"da forma geyinib.
 
Xatırladaq ki, "Ankaragücü" bu yay Xese Rodriges, Georgi Beridze, Federiko Makeda, Anastasios Xatsiyovanis, Marlon Santos, Ali Sou, Pedrinyo, Doğukan Kaya, Fıratcan üzüm, Oğuz Ceylan və Mervan Yiğiti də heyətinə qatmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest