"Media işçilərilə də həmrəylik tələb olunur. Ola bilsin ki, böyük uğurlar dərhal gəlmədi. Problemlərimiz var, bunları gizlətmirik"

"Şamaxı" yeni mövsüm öncəsi təqdimat mərasimi keçirib. Matc.az xəbər verir ki, tədbirdə klubun İdarə Heyətinin sədri Elçin Usub çıxış edərək, "şirlər"in fəaliyyət istiqamətindən danışıb. O bildirib ki, Şamaxıda futbolla bağlı müəyyən ənənələr olub: "Düzdü, tarixə baxsaq bəlkə də Şamaxıda futbol sovet vaxtından ən ön planda olmayıb. 2018-ci ildən köklü dəyişikliklər başladı. Həmin ilk Şamaxını Region Liqasında komanda təmsil etdi. Yetərincə uğurlu çıxış oldu. Daha sonra ölkə rəhbərliyinə müraciət olundu. Cənab prezidentin şəxsi göstərişilə 2020-ci ildə Şamaxı şəhər stadionu yenidən quruldu. Yeri gəlmişkən, bu məsələdə AFFA və rəhbərliyə minnətdarlığımızı bildiririk. Rövnəq Abdullayev işlərin gedişində şəxsən maraqlanırdı. Qısa müddətdə yenidənqurma işləri başa çatdı. 2020-ci ilin noyabrında  cənab prezidentin iştirakı ilə stadionun açılışı oldu. Bu prosesin davamı olaraq "Keşlə"nin bazasında "Şamaxı" ictimai birliyinin yaradılması oldu. Klub "Şamaxı"nın adını daşıyırsa, təbii ki, Şamaxı ilə tək ad baxımı ilə bütün məsələlərdə bağlılıq olmalıdı. Bunun məntiqi nəticəsi olaraq, əsas komandanın Şamaxıya köçürülməsi qərar qəbul olundu. Bu qərarın icrası zamanı hüququ prosedurlar həyata keçirilməliydi. Mediaya yenilənmiş "Şamaxı"nın rəsmiləri kimi çıxmaq istəyirdik. İyunun əvvəllərində bu proses yekunlaşdı. Məşqçilər heyəti yeniləndi. Onlar da komanda heyətini formalaşdıdılar. Bütün proseslərdə yeni strategiyamızın cücərtiləri özünü göstərir. Əsas fikrimiz ondan ibarətdir ki, klub "Şamaxı" adını daşıyırsa, Şamaxı da qədim Azərbaycan torpağının timsalıdırsa, bu klubda idman və digər məsələlərdə azərbaycançılıq ön plana keçməlidi".

Klub rəsmisi "Şamaxı"da daha çox gənc futbolçulara şans veriləcəyini söyləyib: "Təəssüf ki, müəyyən inkişaf səviyyəsinə çatmış gənc futbolçular sonradan yetərincə şans qazanmırlar. U-19 və U-21 yığmasında ad çıxarırlar, sonradan şans tapmırlar. Adlı-sanlı klublarımızın uğur qazanmaq istəyi anlaşılandı. Hər halda onlar legionerlərə üstünlük verir. Perspektivli gənclər özlərini tam olaraq göstərə bilmirlər. Sonda milli səviyyəsində də ortaya müəyyən nəticələr qoyula bilmir. "Şamaxı"nın strategiyasının cücərtiləri bu istiqamətdədi. İstəyirik ki, yerli gənc məşqçilərə imkan yaradaq. Onlar da öz xətləri ilə yerli perspektivli oyunçularla heyət qursunlar. Beləliklə, istəyirik ki, Azərbaycan futbolunun inkişafına tövhə verək. Ola bilər ki, çox iddialı danışırıq. Amma çox səbrliyik. Məşqçilər korpusu ilə söhbətimiz olub, biz tələsmirik. Hədəfimiz birinci ildən uğurlu nəticə əldə etmək deyil".

Elçin Usub problemlər olduğunu etiraf edərək, buna baxmayaraq inkişaf etmək niyyətində olduqlarını bildirib:

"Hər gün addım-addım qabağa getmək, inkişaf etmək istəyirik. Təbii ki, bu istiqamətdə səbr tələb olunur. Media işçilərilə də həmrəylik tələb olunur. Ola bilsin ki, böyük uğurlar dərhal gəlmədi. Problemlərimiz var, bunları gizlətmirik. Qısa müddətdə komandanın yerdəyişmə məsələsini həll etmişik. Ramiz Məmmədovun rəhbərliyi altında uşaq komandalarımızın da toplanışları başlanılıb. Əvəzedici heyətlə bağlı da məsələ həll olunacaq. Bir ildən sonra harada olmaq istəyirik, futbol Şamaxıya nə verəcək? Bu məsələlərlə bağlı konkret hədəflərimizi ortaya qoyub sizlərlə bölüşmək fikrimiz var. Problemlərimiz var, amma sizdən də anlayış gözləyirik. Məqsədimiz qədim Şirvan torpağına futbolu gətirmək, sevdirmək və inkişaf etdirməkdi".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest