"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Avropa Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində Avstriyanın "Rapid" (Vyana) komandasına qarşı keçirdikləri cavab oyununu şərh edib. Matc.az xəbər verir ki, rumıniyalı mütəxəssis 0:2 hesabı ilə uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"İndi danışmaq çox çətindir. Matçdan əvvəl planlaşdırdığımız şeyləri yerinə yetirə və şanslardan yararlana bilmədik. İki sadə epizodda qapımızda qol gördük. Asan qollar buraxdıq. Başımızı dik tutmalıyıq. Birlikdə qalib gəlir və birlikdə məğlub oluruq. Bizdəki şanslar rəqibdə olmadı. Hesab 0:0 olan zaman oyunçumuz qapıçı ilə təktəbək çıxdı. Hesab 1:0 olanda da eyni hal yaşandı".
 
Rumıniyalı baş məşqçi əlavə vaxtın planlarında olmadığını diqqətə çatdırıb: "Bəzi oyunçuların belə turnirlər üçün təcrübəsi yoxdur. Bu səbəbdən oynayan futbolçuları daha çox meydanda saxladım. Azər Salahlını tez itirdiyimiz üçün məcburi əvəzetmə oldu. Bizim oyunumuz pis deyildi. Kifayət qədər şanslarımız oldu. Rəqib də təzyiq yaradırdı. Bu cür qollar buraxmalı deyilik. Təkbətək epizodları qola çevirə bilmirsənsə və asanlıqla qol buraxırsansa, növbəti mərhələyə layiq deyilsən".
 
Mütəxəssis hakimlik barədə fikir söyləmək istəmədiyini vurğulayıb: "Hakimlər haqqında danışmaq mənim işim deyil. Hamı görüşə baxıb və olanları görüb. Hakim oyunun ipini itirmişdi. Rəqibə bəzi sarı vərəqələr göstərilmədi. Amma biz bu gün hakimə görə uduzmadıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest