Türkiyənin "Başakşəhər" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, İstanbul təmsilçisi İngiltərənin "Aston Villa" klubunun hücumameylli yarımmüdafiəçisi Bertrand Traoreni heyətinə qatıb.
 
Bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb. Burkina Fasodan olan futbolçu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb. 26 yaşlı yarımmüdafiəçi yeni komandasında 9 nömrəli formanı geyinəcək.
 
Bertrand Traore İngiltərənin "çelsi" klubunun yetirməsidir. O, London klubunda olarkən "Vitess" və "Ayaks" kimi komandalarda icarədə də oynayıb. Yarımmüdafiəçi "zadəganlar"ın heyətində cəmi 16 matça çıxıb, 4 qol vurub. 2017-ci ildə "çelsi"dən Fransanın "Olimpik" (Lion) klubuna transfer olunan Traore, Liqa 1 təmsilçisində 3 mövsüm keçirib. O, 2020-ci ilin sentyabrından "Aston Villa"da çıxış edirdi. Bu komandada 2 mövsümə 48 oyun keçirmiş futbolçu, bu oyunlarda 8 qolla yadda qalıb. O, Burkiya Faso yığmasında da 65 oyuna 13 qol vurub.
 
"Başakşəhər" gənc hücumçusu Məhəmməd Arslantaş ilə də yeni müqavilə bağlayıb. 21 yaşlı futbolçu 3 illik yeni sözləşməyə imza atıb. İstanbul klubunun öz yetirməsi olan oyunçu "Boluspor", "Turqutluspor" və "Kütahyaspor" kimi komandalarda icarədə, həmçinin Türkiyənin aşağı yaş qrupları üzrə yığmalarında oynayıb. 
 
"Başakşəhər" digər gənc hücumçusu Efecan Barlıkı da "Ergene Velimeşespor" klubuna icarəyə verib. 19 yaşlı futbolçunun 2022/23 mövsümünün sonuna kimi icarədə çıxış edəcəyi açıqlanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest