Azərbaycan çempionu "Qarabağ" çempionlar Liqasının qrup mərhələsinin bir addımlığında dayandı. Ağdam klubu dünya nəhənglərini Bakıya gətirə bilmək üçün cəmi 45 dəqiqə dözmədi. çexiya klubu "Viktoriya" ilə Bakıda qolsuz bərabərə qalan Qurban Qurbanovun kollektivi səfərdə önə keçsə də, ikinci hissədəki kobud səhvlər məğlubiyyətə yol açdı.

"Viktoriya" (Plzen, çexiya) - "Qarabağ" (Azərbaycan) – 2:1
Qollar: Yan Kopits, 58, Yan Kliment, 73 - Filip Ozobiç, 38
Plzen, "Duşan Arena". Hakimlər: Artur Diaş, Rui Tavareş, Paulo Soareş, Fabio Verissimo (hamısı Portuqaliya)
İlk oyun – 0:0

"Viktoriya": 36. Yindrix Stanek, 4. Ludek Pernitsa (k), 21. Vatslav Yemelka, 44. Libor Holik, 24. Milan Havel, 20. Pavel Buxa, 23. Lukaş Kalvax, 10. Yan Kopits (26. Filip çihak, 90+4), 18. Con Moskera, 7. Yan Sikora (9. Yan Kliment, 46 / 77. Erik Yirka, 74), 15. Tomaş Xori (33. Rene Dediç, 86)
Ehtiyat oyunçular: 13. Marian Tvrdon, 16. Martin Yedliçka, 3. Məhəmməd Ticani, 6. Vatslav Pilarj, 22. Kadu, 25. Aleş çermak, 99. Modu Ndiaye
Baş məşqçi: Mixal Bilek
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 2. Qara Qarayev (k), 7. Riçard Almeyda (8. Marko Yankoviç, 54), 19. Filip Ozobiç (77. Ramil Şeydayev, 70), 20. Kadi Borqes, 10. Abdullah Zubir, 25. İbrahima Vadji (11. Kvabena Ovusu, 81)
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 6. Julio Romao, 8. Marko Yankoviç, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev
Baş məşqçi: Qurban Qurbanov

Eyni heyətlə fərqli sistem
Hər iki komandanın Bakıdakı oyunla müqayisədə heyətində dəyişiklik olmuşdu. "Qarabağ"da Qurban Qurbanov iki əvəzləməyə əl atsa da, taktiki düzülüş olduğu kimi qalmışdı. Sadəcə, 4-3-3 sistemində bəzi yerdəyişmələr edilmişdi. İlk qarşılaşmada start "11-liy"ində yer alan Marko Yankoviçlə Ramil Şeydayev bu dəfə ehtiyatda öz şansını gözləyirdi. Onları müvafiq olaraq, Riçard Almeyda və Filip Ozobiç əvəzləmişdi. Bu dəyişiklik Kadi Borqesin də öz yerinə çəkilməsinə kömək oldu. Şeydayev amilinə görə "Tofiq Bəhramov"da pleymeyker mövqeyində qərarlaşan braziliyalı Plzendə sağ cinahdakı yerini tutdu. Hücumçuları topla təmin etmək funksiyasını isə Ozobiç yerinə yetirməli idi. Almeydanın ilk dəqiqələrdən meydanda olması isə komandanın topa daha çox sahib olmasına xidmət etməli idi.

"Viktoriya"nın start heyətində cəmi bir məcburi əvəzləmə olmuşdu. Kapitan Lukaş Heyda cəzalı olduğundan, Libor Holik start fitindən meydanda idi. Ancaq bu dəyişiklik komandanın taktiki düzülüşünə də təsir etmişdi. Bakıda 5-li müdafiə xəttindən, daha dəqiq desək 5-3-2 taktikasından yararlanan baş məşqçi Mixal Bilek doğma arenada 4-5-1-ə güvəndi. Holik müdafiənin solundakı yerini aldı. Birinci görüşdə 5-li müdafiənin sağında oynayan Yan Kopits bu dəfə yarımmüdafiənin sağında, mərkəz hücumçulardan biri kimi çıxış edən Con Moskera isə solda mübarizə aparmalı idi. Onların ilk işi ucaboy forvard Tomaş Xorini topla təmin etmək idi.

Uğursuz start
Matçın startı heç də çempionumuzun istədiyi kimi başlamadı. Hakimin start fiti ilə birlikdə meydan sahibləri bütün qüvvə ilə meydanın "Qarabağ"a aid hissəsində sərt pressinq edir, futbolçulara göz açmağa imkan vermirdilər. Əsas məqsədlərdən biri rəqibə mümkün qədər az korner qazandırmaq idi. Ancaq ilk üç dəqiqədə "Viktoriya" iki dəfə künc zərbəsi yerinə yetirdi, birində ciddi təhlükə yaratdı. çexiyalıların oyununu "oxumaq" heç də çətin deyildi. çünki bir qayda olaraq bütün gücü cinahlara qoyurdular və yalnız "ikinci mərtəbə"dəki üstünlüklərindən yararlanıb başla qol vurmağa çalışırdılar. Müdafiə xəttindən dönən toplar zamanı Qara Qarayevlə Riçard Almeydanın düzgün yer seçməməsi qapımıza tərəf növbəti "dalğa"ya yol açırdı. Xoşbəxtlikdən müdafiəçilərimiz ilk 10 dəqiqədəki amansız təzyiqdən üzüağ çıxmağı bacardılar.

Yerində gələn gözlənilməz qol
Dəqiqələr keçdikcə "Qarabağ" top çevirməyə, oyunu bərabərləşdirməyə başladı. Birinci hissənin yarısından etibarən isə çexlər tamamilə topsuz qaldılar. Ev sahibləri bütünlüklə geri çəkilərək rəqibi orta sahədə qarşılamağa üstünlük verdi. "Viktoriya"nın futbolçuları təkbətək mübarizələrdə keçilməz görünürdülər. Bu üzdən "Qarabağ" əsasən geridə paslaşaraq, çexlərin orta sahədə boşluq verməsini gözlədi. Ancaq heç kimin ağlına gəlməzdi ki, Azərbaycan çempionu rəqibi öz silahı ilə vuracaq. 38-ci dəqiqədə standart vəziyyətdən ötürmə zamanı müdafiəçidən dönən topu cərimə meydanı daxilində ram edən Ozobiç əla zərbə ilə tora göndərdi. Əslində bu, gözlənilməz qol idi. çünki oyun aşağı tempdə gedirdi, hər iki komanda rəqib qapısına yaxınlaşa bilmirdi. Buraxılan top "Viktoriya"nın futbolçularını özündən çıxardı. Tələskənliyə yol verən meydan sahiblərinin epizodlara əsəbi reaksiyası fasilə ərəfəsində hakimi tez-tez oyuna müdaxilə etməyə vadar edirdi. Təsadüfi deyil ki, dörd dəqiqə ərzində çexiya çempionunun iki oyunçusu sarı vərəqə aldı. Fasilə yaranmasaydı, bəlkə də, qısa müddətdə qırmızı vərəqə də gələcəkdi.

Şahruddinin "hədiyyəsi"
İkinci hissədə "Qarabağ"a lazım olan təmkinli oynamaq, rəqibə hücum qurmaq imkanı verməmək idi. Prinsipcə, hər şey plan üzrə gedirdi. "Viktoriya" hücuma atılmağa məcbur olsa da, bu onlarda alınmırdı. Əksinə, orta sahədə boşluqlar buraxdıqlarından, "Qarabağ"a sürətli əks-hücumlar imkanı yaranırdı. Bir epizodda Kadi qapıçını silkələsə də, məyus edə bilmədi. Təəssüf ki, ardıcıl iki uğursuz hadisə yaşandı. Əvvəlcə Almeyda zədələnərək əvəzlənmək məcburiyyətində qaldı. Bundan cəmi 4 dəqiqə sonra "Qarabağ" heç nədən qapısında top gördü. Cərimə zərbəsi zamanı gərəksiz yerə irəli çıxan Şahruddin Məhəmmədəliyev rəqibə qol hədiyyə etdi. 3-4 oyundan bir "canlı bomba" kimi qapıda "partlayan" millimizin qolkiperi bu dəfə bunu Plzendə etdi. Axı bütün müdafiə xətti yerində olduğu halda qapıçı niyə çərçivəni tərk edib, 16 metr irəli çıxsın?

İkinci qolda kollektiv "kömək"
Bu qol "Qarabağ" futbolçularında ruh düşkünlüyü yaratdı. Komanda bir müddət özünü toparlamaqda çətinlik çəkdi. Bunu görən Qurban Qurbanov çox keçmədən müdaxilə etdi. Ozobiçi əvəzləyən Ramil Şeydayev döyüşkənliyi ilə komandanı ayıltmalı idi. Ancaq bu da bir bəhrə vermədi. Əksinə, 73-cü dəqiqədə bu dəfə Şahruddinə müdafiə xətti də qoşularaq, "Viktoriya"nın ikinci qoluna kollektiv şəkildə "köməklik göstərdi". Cinah müdafiəçilərinin yerində olmaması, Bəhlul Mustafazadənin oyunçusunu tutmaması, Şahruddinin isə ləng davranması qolu şərtləndirdi.

Geridönüşə nail olan çexiyalıların məqsədi son dəqiqələrdə tempi "öldürmək", mümkün qədər vaxt "udmaq" və rəqibi qapısına yaxınlaşdırmamaq oldu. Mixal Bilekin yetirmələri bunu da bacara bildi. Nəticədə fərdi səhvlərdən tarixi şansı qaçıran "Qarabağ" Avropa Liqasının qrup mərhələsində çıxış etmək şansı qazandı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest