Bosniya və Hersoqovina millisinin baş məşqçisi Robert Prosineçki cərrahi əməliyyatdan sonra geniş müsahibə verib. Matc.az xəbər verir ki, yerli "sportsport.ba" saytına danışan millimizin keçmiş çalışdırıcısı əvvəlcə səhhəti ilə bağlı açıqlamalar edib.

Prosineçki qəfildən halının pisləşdiyini və bu səbəbdən Bosniya Futbol Federasiyasının yeni binasının açılışında iştirak edə bilmədiyini deyib: "Dərhal xəstəxanaya aparıldım, infeksiya düşməsin deyə təcili əməliyyata alındım. Əməliyyat uğurlu keçsə də, xəstəxanada uzun müddət qalmaq o qədər də asan iş deyil".

O, milli komanda ilə Aç-2020 seçmə mərhələsindəki şanslar barəsində də fikirlərini bölüşüb: "Qrupumuzda İtaliya kimi komanda var, hansı ki, son mundiala gedə bilmədilər və yenidən böyük turnirə qayıtmaq istəyirlər. Yunanıstanla köhnə haqq-hesabımız var. Onlar da uzun müddətdir bu cür yarışlardan uzaq qalıblar. Yunanlar arzuolunmaz rəqibdir. Ancaq qarşısıalınmaz deyillər.

Daha bir rəqibimiz Finlandiyadır. Onlar da Azərbaycan kimi partlamamış bombadır. 50 ildə bir sürpriz edirlər. Finlər ötən seçmə mərhələdə səfərdə Xorvatiya ilə heç-heçə edərək, hamını təəccübləndirmişdi. Ermənistan? Əgər biz bu yığmadan qorxuruqsa, onda heç Avro-2020-yə getməyək".

Prosineçki şəxsi həyatı ilə tez-tez gündəmə gələn Oqnyena Vranjeşin bundan sonra milli komandaya dəvət almayacağını da sözlərinə əlavə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest