"Qarabağ"ın hücumçusu İbrahima Vadji karyerasını Fransada davam etdirə bilər. Matc.az xəbər verir ki, o, bu ölkənin "Sent Etyen" komandasına transfer olunur.
 
Bu barədə məşhur "L Equipe" nəşri məlumat yayıb. Xəbərdə bildirilir, seneqallı hücumçu növbəti həftənin əvvəllərində yeni klubu ilə rəsmi müqavilə bağlayacaq. 27 yaşlı forvarddan ötrü Azərbaycan təmsilçisinə 1 milyon avrodan çox vəsait ödəniləcək. Ağdam təmsilçisinin əlavə bonuslarla daha çox qazanc əldə etməsi də nəzərdə tutulub.
 
Vadji "Sent Etyen"in idman direktoru Loik Perren və klubun baş menecerinin müavini Samuel Rustemin diqqətini ötən mövsüm Avropa Konfrans Liqasının qarşılaşmalarında cəlb edib. Nəşrin yazdığına görə, onlar 3 həftədən çoxdur bu futbolçunun transferi üzərində çalışırlar.
 
Seneqallı forvard 2021-ci ilin yayından "Qarabağ"da çıxış edir. O, Ağdam klubunda 36 oyuna 26 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Hücumçu ötən gün Premyer Liqanın 4-cü turu çərçivəsində baş tutan "Şamaxı" ilə oyunda (4:0) ehtiyatda qalıb.
 
ötən mövsümün sonunda Liqa 1-i tərk edən "Sent Etyen" hazırda Liqa 2-də mübarizə aparır. 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest