İspaniyanın "Atletiko" klubu müdafiəçisi Renan Lodiylə müqaviləni yeniləyib. Matc.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, braziliyalı futbolçu yeni sözləşməyə əsasən 2026-cı ilə qədər bu klubun uğurları üçün çalışmağa davam edəcək. Tərəflər arasındakı əvvəlki sözləşmə 2025-ci ilin yayına qədər idi.
 
"Atletiko" Renan Lodi ilə sözləşməni yenilədikdən sonra onu İngiltərənin "Nottingem Forest" klubuna icarəyə verib. 24 yaşlı müdafiəçi 2023-cü ilin yayına kimi Premyer Liqa klubunda forma geyinəcək. İngiltərə klubu mövsümün sonunda braziliyalının transfer hüquqlarını almaq istəsə, İspaniya təmsilçisinə 30 milyon avro ödəməlidir.
 
Madrid klubu Lodini 2019-cu ilin iyulunda Braziliya təmsilçisi "Atletiko Paranaense"dən 21.75 milyon avroya transfer etmişdi. Sol cinah müdafiəçisi bu komandada keçirdiyi 3 mövsüm ərzində 118 matça çıxıb, 6 qol vurub. O, Braziliya yığmasında da 15 oyuna çıxıb.
 
"Atletiko" yarımmüdafiəçisi German Valeranı da Sequnda Liqada çıxış edən "Andorra" klubuna icarəyə verib. 20 yaşlı vinger mövsümün sonuna kimi icarədə olacaq. O, daha öncə "Real Sosyedad" və "Tenerife"də də icarədə oynayıb. İspaniyanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış yarımmüdafiəçi, Madrid klubunun əsas komandasında da bir neçə oyuna çıxıb.
 
"Atletiko" Danimarkadan olan yarımmüdafiəçisi Daniel Vassla da yollarını ayırıb. 33 yaşlı futbolçu ölkəsinin "Brondbü" klubu ilə anlaşıb. O, yeni klubu ilə 3 illik müqaviləyə imza atıb.
 
Daniel Vass məhz "Brondbü"nün yetirməsidir. O, 2077-2011-ci illər aralığında məhz bu klubda forma geyinir. Həm mərkəz müdafiəçisi, həm də dayaq yarımmüdafiəçisi kimi çıxış edən Vass, Norveçdə "Fredrikstad", Portuqaliyada "Benfika", Fransada "Evian", İspaniyada "Selta" və "Valensiya"nın da uğurları üçün çalışıb. O, Danimarka yığmasında 43 oyun keçirib, 1 qol vurub.
 
"Nottingem Forest" də öz yarımmüdafiəçisi Aleks Mayteni "Şeffild Uensdey"ə icarəyə verib. ABŞ-da anadan olsa da, İngiltərə vətəndaşlığına da malik olan, bu ölkənun U-20 yığmasının formasını geyinən futbolçu mövsümün sonuna kimi icarədə olacaq. 20 yaşlı vinger "Nottingem Forest"in əsas komandasında 66 oyuna çıxıb, 4 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest