Bu gün qadınlardan ibarət yığma komandalar arasında AVRO-2021-in seçmə qrup mərhələsinin püşkü atılıb. Matc.az saytının məlumatına görə, püşkatma mərasimi UEFA-nın İsveçrə şəhərindəki mənzil-qərargahında baş tutub.

Bakı vaxtı ilə 16:30-da start götürən mərasimə rekord sayda - 47 komandanın nümayəndəsi qatılıb. Kipr və Kosovonun qadınlardan ibarət yığması ilk dəfə mötəbər turnirə qatılacaqsa, Azərbaycan millisi 2009-cu ildən sonra Avropa çempionatına dönüşünü qeyd edəcək.

Final mərhələsinə ev sahibliyi edəcək İngiltərə istisna olmaqla, digər yığmalar qruplara bölünüb. Yığmamız püşkatma zamanı sonuncu - 5-ci səbətdə qərarlaşıb. D qrupuna düşən komandamız İspaniya, çexiya, Polşa və Moldova ilə üz-üzə gələcək.

ümumiyyətlə, komandalar 9 qrupa bölünüb ki, bunların ikisində 6, yeddisində isə 5 yığma mübarizə aparacaq.

A qrupu: Hollandiya, Rusiya, Sloveniya, Türkiyə, Kosovo, Estoniya

B qrupu: İtaliya, Danimarka, Bosniya və Herseqovina, İsrail, Malta, Gürcüstan

C qrupu: Norveç, Uels, Belarus, Şimali İrlandiya, Farer adaları

D qrupu: İspaniya, çexiya, Polşa, Moldova, Azərbaycan

E qrupu: Şotlandiya, Finlandiya, Portuqaliya, Albaniya, Kipr

F qrupu: İsveç, İslandiya, Macarıstan, Slovakiya, Latviya

G qrupu: Fransa, Avstriya, Serbiya, Qazaxıstan, Makedoniya

H qrupu: İsveçrə, Belçika, Rumıniya, Xorvatiya, Litva

I qrupu: Almaniya, Ukrayna, İrlandiya, Yunanıstan, Monteneqro

Seçmə qrup mərhələsində mübarizə avqustun 26-da start götürəcək və gələn il sentyabrın 22-dək davam edəcək. Qrup qalibləri və ikinci yerlər arasında ən yaxşı nəticə göstərən 3 komanda final mərhələsinə vəsiqə qazanacaq. İkinci yeri tutan digər 6 komanda arasında isə pley-off oyunları keçiriləcək.

Seçmə qrup mərhələsinin matçları 26 avqust-3 sentyabr, 30 sentyabr-8 oktyabr, 4-12 noyabr, 2-11 mart 2020, 6-14 aprel, 1-9 iyun və 14-22 sentyabr tarixlərində oynanılacaq. Gələn il oktyabrın 19-da və 27-də pley-off mərhələsinin görüşləri baş tutacaq. Final mərhələsinin püşkatma mərasimi 2020-ci ilin sonlarında, oyunlar isə 2021-ci ilin iyul ayında İngiltərədə keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest