Futbol üzrə İtaliya milli komandasının hücumçusu Mario Balotelli Türkiyənin "Adana Dəmirspor" klubundan ayrılıb. Matc.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Adana klubu sözügedən oyunçunu İsveçrə "Sion"una satıb. Türkiyə təmsilçisi bu transferdən 2 milyon 620 min avro qazanıb. Balotelli yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.
 
Xatırladaq ki, Mario Balotelli "Adana Dəmirspor"a ötən ilin iyul ayında azad agent kimi qoşulmuş və 3 illik müqaviləyə imza atmışdı. O, ötən mövsüm bu komandanın heyətində meydana çıxdığı 33 oyunda 19 qola imza atmış, 4 məhsuldar ötürmə müəllifi olmuşdu. Bu mövsüm isə cəmi 2 oyuna çıxan forvard, 72 dəqiqə mübarizə aparmışdı.
 
Balotelli Adana klubundan öncə "Montsa", "Breşiya", "Olimpik" (Marsel), "Nitsa", "Milan", "Liverpul", "Mançester Siti", "İnter" kimi komandalarda da forma geyinib. O, İtaliya millisində 36 oyuna 14 qol vurub.
 
"Adana Dəmirspor" seneqallı yarımmüdafiəçisi Joher Xadim Rassulla da yollarını ayırıb. 26 yaşlı futbolçu ilə müqavilə qarşılıqlı razılıq əsasında ləğv olunub. Dayaq yarımmüdafiəçisi 2019-cu ildən "Adana Dəmirspor"un uğurları üçün çalışırdı. O, bu komandada 101 oyuna çıxıb, 2 qol və 4 məhsuldar ötürmə müəllifi olub. Daha öncə "Lokeren"də oynamış futbolçunun karyerasını yenə Türkiyədə davam etdirməsi gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest