İtaliyanın "Yuventus" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Turin təmsilçisi Fransa çempionu PSJ-nin yarımmüdafiəçisi Leandro Paredesi heyətinə qatıb.
 
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Turinlilər 28 yaşlı oyunçunu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüblər. İtaliya klubu oyunçunun birdəfəlik transferi üçün Paris təmsilçisinə 22.6 milyon avro ödəməlidir.
 
Leandro Paredes PSJ-yə 2019-cu ildə Rusiyanın "Zenit" klubundan 40 milyon avro qarşılığında keçmişdi. Yarımmüdafiəçi bu komandanın heyətində 117 oyuna çıxıb, 3 qol vurub. O, daha öncə "Boka Xuniors", "Kyevo", "Roma" və "Empoli" klublarının da formasını geyinib. Paredes Argentina yığmasında 44 oyun keçirib, 4 qola imza atıb.
 
PSJ gənc yarımmüdafiəçisi Eduar Mişunu da "Sanderlend"ə icarəyə verib. Fransadan olan 19 yaşlı futbolçu da mövsümün sonunadək satınalma şərti ilə İngiltərə klubuna keçib. Paris təmsilçisinin öz yetirməsi olan Mişu, əsas komandada 8 oyun keçirib. O, Fransanın U-19 yığmasının üzvüdür.
 
PSJ müdafiəçisi Lenni Manisanı isə İtaliyanın "Parma" klubuna satıb. Konqo əsilli fransalı futbolçunun transferi ilə bağlı detallar açıqlanmayıb. Parislilər onu 1 il öncə "Genqam"dan 400 min avroya almışdılar.
 
"Yuventus" da yarımmüdafiəçisi Nicolo Rovellanı "Montsa"ya icarəyə göndərib. 20 yaşlı futbolçu mövsümün sonunadək sözügedən klubda çıxış edəcək. Turin klubu onu 2021-ci ildə "Cenoa"dan 23.3 milyon avroya transfer edib. Gənc oyunçu bu mövsüm əsas komandada 3 rəsmi matça çıxmışdı. O, İtaliyanın U-21 yığmasında da forma geyinir.
 
Yeri gəlmişkən, "Montsa" da yarımmüdafiəçisi Luka Mazzitelli (26 yaş) ilə müdafiəçisi Mario Sampirisini (29 yaş) "Frozinone"yə icarəyə verib. Onların hər ikisi mövsümün sonuna kimi icarədə olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest