İngiltərənin "Vulverhempton" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Almaniyanın "Ştutqart" klubunun hücumçusu Saşa Kalaydjiçi transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İngiltərə klubu bu transfer üçün 18 milyon avrosundan keçib. Avstriya yığmasının üzvü ilə 5+1 illik müqavilə imzalanıb. O, yeni komandasında 18 nömrəli formanı geyinəcək.
 
"Ştutqart" Kalaydjiçi 2019-cu ildə Avstriyanın "Admira Vakker" klubundan 6 milyon avroya transfer etmişdi. O, Bundesliqa təmsilçisində 60 oyuna 24 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. 25 yaşlı hücumçu Avstriya yığmasında keçirdiyi 15 oyunda 4 qola imza atıb.
 
"Vulverhempton" öz hücumçusu Patrik Kutroneni isə İtaliyanın "Komo" klubuna satıb. İtalyanların bu keçidə görə nə qədər ödədiyi bilinmir. Amma italiyalı futbolçu yeni klubu ilə 3 illik müqavilə bağlayıb. 
 
Kutrone 2019-cu ildən İngiltərə klubunun uğurları üçün çalışırdı. 24 yaşlı futbolçu bu kluba yetirməsi olduğu "Milan"dan 18 milyon avro qarşılığında keçmişdi. Amma o, Premyer Liqa təmsilçisində cəmi 28 oyuna çıxıb və 3 qol vurub. İtaliyalı hücumçu bu müddətdə öz ölkəsində "Fiorentina" və "Empoli"də, həmçinin İspaniyanın "Valensiya" klubunda icarədə olub. O, İtaliya yığmasında da 1 oyun keçirib.
 
"Vulverhemtpon" digər oyunçularından Bruno Jordanı "Santa Klara"ya, Luk Kandlı "Suonsi Siti"yə, Co Yanqı isə "Datford"a icarəyə verib. Co Yanq 2023-cü ilin yanvarına, digər iki oyunçu isə 30 iyununa kimi icarədə olacaq. İngiltərədən olan 19 yaşlı Yanq klubun öz yetirməsidir və qapıçıdır. Luk Kandl da Premyer Liqa təmsilçisinin yetirməsidir. 20 yaşlı ingilis yarımmüdafiəçidir. O, klubun əsas komandasında 4 oyun keçirib. Bruno Jordan isə 2019-cu ildə Portuqalianın "Braqa" klubundan 8.9 milyon avroya transfer olunsa da, əsas komandada cəmi 5 oyun keçirib, 1 qol vurub. Portuqaliyadan olan 23 yaşlı yarımmüdafiəçi "Unian Leyriya", "Famalikan", "Qrasshopper", "Latsio" klublarında da forma geyinib, ölkəsinin aşağı yaş qrupları üzrə yığmalarında oynayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest