İngiltərənin "Mançester Siti" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Premyer Liqa nəhəngi Almaniyanın "Borussiya" (Dortmund) klubunun müdafiəçisi Manuel Akanjini transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. "Şəhərlilər" bu transferə görə Almaniya klubuna 17.5 milyon avro ödəyiblər. İsveçrəli müdafiəçi yeni komandasında 25 nömrəli formanı geyinəcək.
 
Manuel Akanji 2018-ci ildən "Borussiya"da çıxış edirdi. Dortmund klubu onu həmin vaxt İsveçrə "Bazel"indən 21.5 milyon avroya transfer etmişdi. Müdafiəçi Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığ 153 oyunda 4 qol da vurub. Akanji "Borussiya"dan əvvəl "Bazel"lə yanaşı, yetirməsi olduğu "Vintertur"da da forma geyinib. Mərkəz müdafiəçisi İsveçrə yığmasında da 41 matça çıxıb.
 
"Mançester Siti" öz oyunçularından Ante Palaversa ilə Marlos Morenonu da Fransanın "Trua" klubuna satıb. İngiltərə klubunun bu iki oyunçunun satışından nə qədər qazandığı açıqlanmır. Palaversa yeni klubu ilə 3, Moreno isə 2 illik müqavilə bağlayıb.
 
Xorvatiyadan olan Palaversa Split "Hayduk"unun yetirməsidir. 22 yaşlı yarımmüdafiəçi 2019-cu ildə məhz bu klubdan 6.3 milyon avroya transfer olunmuşdu. Lakin Mançester klubunda heyətə düşə bilməyən xorvatiyalı futbolçu "Hayduk", "Ostende", "Xetafe" və "Kortreyk"də icarədə oynamaq məcburiyyətində qalmışdı.
 
Marlos Moreno isə "Atletiko Nasional"ın yetirməsidir. Mançester təmsilçisinə 2016-cı ildə 5.5 milyon avro qarşılığında keçən forvard da bu komandada heyətə düşə bilməyib. Bu üzdən 25 yaşlı futbolçu "Deportivo", "Jirona", "Flamenqo", "Santos Laquna", "Portimonense", "Lommel" və "Kortreyk" komandalarında icarədə oynayıb. Hücumçu Kolumbiya yığmasında meydana çıxdığı 8 oyunda 1 qol vurub.
 
"Trua" İsveçin AİK klubundan da 18 yaşlı yarımmüdafiəçi Amar Abdirahman Ahmedi transfer edib. Onunla 5 illik müqavilə bağlayan Liqa 1 təmsilçisi, bu transfer üçün 4.7 milyon avrosundan keçib. Somali əsilli futbolçu İsveç vətəndaşlığına malikdir. O, 2021-ci ildən AİK-in əsas komandasında çıxış edirdi.
 
"Trua" "Mets"in hücumçusu Papa Ndiaqa Yadeni də icarəyə götürüb. 22 yaşlı forvard mövsümün sonuna kimi bu komandada forma geyinəcək. "Mets"in öz yetirməsi olan seneqallı futbolçu 2020-ci ildən cəlb olunduğu bu klubun əsas komandasında 51 oyuna çıxıb, 3 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest