Fransa çempionu PSJ heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Liqa 1 təmsilçisi İspaniyanın "Valensiya" klubundan Karlos Soleri transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İspan futbolçu ilə 5 illik müqavilə imzalanıb. Parislilər bu transfer üçün "Valensiya"ya 18 milyon avro ödəyiblər.
 
Karlos Soler "Valensiya"nın yetirməsidir. O, 2016-cı ildən bu klubun əsas komandasında oynayırdı. Yarımmüdafiəçi La Liqa təmsilçisində bütövlükdə 226 matça çıxıb, 36 qol vurub. İspaniya yığmasının da üzvü olan 25 yaşlı futbolçu, 9 oyunda 3 dəfə fərqlənib.
 
PSJ öz yarımmüdafiəçisi İdrissa Geyeni isə İngiltərənin "Everton" klubuna satıb. Klub bu transferdən 6 milyon avro qazanıb. 32 yaşlı futbolçu Premyer Liqa klubu ilə 2+1 illik müqaviləyə imza atıb.
 
Parislilər İdrissa Geyeni 2019-cu ildə məhz "Everton"dan, 30 milyon avro qarşılığında transfer etmişdilər. Seneqallı oyunçu Liqa 1 nəhəngində 111 oyuna 7 qol vurub. O, bu iki klubdan başqa, "Aston Villa", "Lill" və "Diambars"da da forma geyinib, Seneqal yığmasında 94 oyuna 7 qola imza atıb.
 
PSJ-nin gənc futbolçularından Ticiani Ture "Feyenoord"a, Jarisson İnnosent isə "Eupen"ə transfer olunub. Transferlərin detalları tam açıqlanmayıb. Hər iki futbolçu klubun öz yetirməsi idi. 20 yaşlı Ture sol cinah vingeridir. İnnosent isə qapıçıdır. O, son illərdə "Kan" və "Van" klublarında icarədə də oynayıb.
 
Paris klubu dörd futbolçusunu da icarəyə göndərib. Layvin Kurjava "Fulhem"ə, Abdu Diallo "Leypsiq"ə, Yulian Draksler "Benfika"ya, Anfane Ahamada isə "Martig"ə icarəyə verilib. Yarımmüdafiəçi olan 20 yaşlı Ahamada klubun öz yetirməsidir və ilk dəfə fərqli bir komandanın formasını geyinəcək.
 
Kurjava 2015-ci ildən PSJ-də çıxış edirdi. 29 yaşlı futbolçu bu komandada 153 oyuna çıxıb, 14 qol vurub. Fransa millisində də 13 oyun keçirib, 1 qola imza atan sol cinah müdafiəçisi, daha öncə yalnız yetirməsi olduğu "Monako"da çıxış edib.
 
Draksler 2017-ci ildən Paris klubunun uğurları üçün çalışırdı. Almaniyadan olan vinger bu komandada 198 oyuna 26 qol vurub. 28 yaşlı futbolçu daha öncə "Şalke" və "Volfsburq"un uğurları üçün çalışıb. Yarımmüdafiəçi Almaniya yığmasında çıxdığı 58 oyunda 7 qol vurub.
 
Abdu Diallo da Kurjava kimi, "Monako"nun yetirməsidir. Fransa doğumlu seneqallı futbolçu 2019-cu ildə Dortmund "Borussiya"sından transfer olunub. 26 yaşlı futbolçu Paris təmsilçisində 75 oyun keçirib. Daha öncə "Sulte Varegem" və "Maynts"da da oynamış mərkəz müdafiəçisi, Seneqal yığmasında 17 oyuna 2 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest