İspaniyanın "Barselona" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, La Liqa təmsilçisi məhz bu klubun akademiyasından çıxmış Hektor Belyerini transfer edib.
 
İspaniyalı sağ cinah müdafiəçisi 2011-ci ilin yayında, 16 yaşı olarkən 500 min avro qarşılığında İngiltərənin "Arsenal" klubuna satılmışdı. 27 yaşlı futbolçu 11 il sonra doğma kluba azad agent kimi qayıdıb. Onunla 1 illik müqavilə imzalanıb və futbolçuya 50 milyon avro qiymət qoyulub.
 
Hektor Belyerin 10 ildən çoxdur formasını geyindiyi "Arsenal"da bütövlükdə 239 oyuna çıxıb və 9 qola imza atıb. O, 2013/14 mövsümündə İngiltərənin "Uotford" klubunda icarədə olub. Müdafiəçi geridə qalan mövsümü də "Betis"də icarədə keçirib. Belyerin İspaniya yığmasında da 4 oyun keçirib.
 
"Barselona" hücumçusu Pyer-Emerik Obameyanqı da İngiltərənin "çelsi" klubuna satıb. Kataloniya təmsilçisi bu transferdən 12 milyon avro qazanıb. Halbuki, İspaniya klubu onu bu ilin yanvarında da məhz "Arsenal"dan azad agent kimi heyətinə cəlb etmişdi. Yenidən İngiltərəyə qayıdan Obameyanq London klubu ilə 2 illik müqaviləyə imza atıb. Qabonlu futbolçu kataloniyalıların heyətində cəmi 24 oyuna çıxıb və 13 qol vurub. O, daha öncə "Borussiya" (Dortmund), "Sent Etyen", "Monako", "Lill" və "Dijon"da da forma geyinib. Obameyanq Qabon yığmasında 72 oyuna 30 qola imza atıb.
 
"Barselona" Serjinyo Dest və Abde Ezzalzulini də icarəyə göndərib. Dest İtaliyanın "Milan", Ezzalzuli isə İspaniyanın digər klubu "Osasuna"ya keçib. Onların hər ikisi 2023-cü ilin yayına kimi icarədə olacaq. Abde "Osasuna"ya satınalma şərti olmadan icarəyə verilibsə, "Milan" Desti belə bir şərtlə heyətinə qatıb.
 
Abde Ezzalzuli Kataloniya klubuna 2021-ci ilin avqustunda 2 milyon avro qarşılığında keçib. O, ötən mövsüm Kataloniya təmsilçisində 12 oyuna çıxıb və 1 qol vurub. 20 yaşlı Mərakeşli vinger ölkəsinin gənclərdən ibarət yığmasında da forma geyinir.
 
Serjinyo Dest isə 2020-ci ilin oktyabrında Niderland "Ayaks"ından 21 milyon avroya alınıb. ABŞ yığmasının da üzvü olan müdafiəçi Kataloniya təmsilçisində iki mövsüm ərzində 72 oyuna çıxıb, 3 qola imza atıb. Daha öncə yalnız "Ayaks"da oynamış 21 yaşlı futbolçu, ABŞ millisində də 17 oyuna 2 qolla yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest