"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Olimpiakos" daha bir transferini reallaşdırıb. Matc.az xəbər verir ki, Pirey təmsilçisi məşhur braziliyalı Marselo ilə 1 il müddətinə müqavilə bağlayıb.  

34 yaşlı super ulduz 2006-cı ildən bu mövsümə kimi Madrid "Real"ına məxsus olub. 16 il ərzində İspaniya komandasının heyətində 546 oyuna çıxıb və "Kral klubu" tarixinin ən yaxşılarından biri olmaqla yanaşı, həm də ən çox kubok qazanan (25) futbolçudur. O, beş dəfə çempionlar Liqası, altı dəfə La Liqa çempionluğu, dörd dəfə Klublararası Dünya Kuboku, üç dəfə Avropa Super Kuboku, iki dəfə "Copa del Rey" və beş dəfə İspaniya Super Kubokunun qalibi adını qazanıb.
 

Marselo "Real"da 38 qol vurub. 58 dəfə 6 qolla təmsil etdiyi Braziliya millisi ilə iki dünya çempionatında (2014, 2018) mübarizə aparıb və Konfederasiyalar Kubokunu (2013) qazanıb. "Real"a keçməzdən əvvəl "Fluminense"də oynayıb.
 

Qeyd edək ki, "Qarabağ" qrup mərhələsində "Frayburq" (Almaniya), "Olimpiakos" (Yunanıstan) və "Nant"la (Fransa) mübarizə aparacaq. Təmsilçimizin yunanlarla oyunları oktyabrın 6-da səfərdə, 13-də isə Bakıda olacaq.  

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest