Futbol üzrə Braziliya yığmasının sabiq yarımmüdafiəçisi Villian özünə yeni iş yeri tapıb. Matc.az xəbər verir ki, 34 yaşlı futbolçu İngiltərənin "Fulhem" klubuna keçib.
 
Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Təcrübəli vingerlə 1 illik müqavilə imzalandığı diqqətə çatdırılıb.
 
Villian ötən ilin avqustundan Braziliyanın "Korintians" klubunda forma geyinirdi. Lakin o, azarkeşlərlə problem yaşadığı üçün bir müddət öncə bu klubdan azad agent kimi ayrılmışdı. Məhz bu klubun yetirməsi olan Villian, karyerası ərzində "Şaxtyor" (Donetsk), "Anji" (Mahaçqala), "çelsi" və "Arsenal"da da oynayıb. O, Braziliya yığmasında 70 oyun keçirib, 9 qol vurub.
 
"Fulhem" Portuqaliyanın "Benfika" klubunda forma geyinən braziliyalı hücumçu Karlos Vinisiusu da transfer edib. 27 yaşlı futbolçu ilə 3+1 illik müqavilə imzalanıb. İngiltərə klubu bu keçidə görə "Benfika"ya 5 milyon avro ödəyib. Karlos Vinisius 2019-cu ilin iyunundan Portuqaliya klubunda forma geyinirdi. O, bu komandada 50 oyuna 24 qol vurub. Braziliyalı forvard son iki mövsümdə "Tottenhem" və PSV-də icarədə də oynayıb. O, daha öncə "Kaldense", "Qremio" (Anapolis), "Real" (Portuqaliya), "Rio Ave" və "Monako"nun da formasını geyinib.
 
"Fulhem" "Lids"in yarımmüdafiəçisi Daniel Ceymsi də heyətinə qatıb. 24 yaşlı ingilis futbolçu mövsümün sonuna kimi icarəyə götürülüb. Sağ cinah vingeri "Lids"ə ötən ilin avqustunda "Mançester Yunayted"dən 30 milyon avro qarşılığında keçmişdi. O, bu komandanın heyətində 40 oyuna cəmi 4 qol vura bilib. Uelsli futbolçu daha öncə "Suonsi Siti" və "Şrusberi Taun"da da oynayıb. Yarımmüdafiəçi Uels yığmasında 36 matça çıxıb, 5 qol vurub.
 
"Fulhem" müdafiəçisi Sayrus Kristi ilə də yollarını ayırıb. İrlandiyalı futbolçu azad agent kimi çempionşipdə mübarizə aparan "Hall Siti"yə keçib. 29 yaşlı futbolçu yeni klubu ilə 2+1 illik müqaviləyə imza atıb. Kristi 2018-ci ilin yanvarından formasını geyindiyi "Fulhem"də 63 oyun keçirib, 2 qol vurub. O, bu müddətdə "Nottingem Forest" və "Suonsi Siti"də icarədə də olub. İrlandiya yığmasında 30 oyuna 2 qol vurmuş futbolçu, daha öncə "Koventri Siti, "Derbi Kaunti" və "Midlsbro"da da oynayıb.
 
"Fulhem"də Co Brayan (28 yaş, müdafiəçi) "Nitsa"ya, Paulo Qazzaniqa (30 yaş, qapıçı) "Jirona"ya, Tayriz Fransua (22 yaş, yarımmüdafiəçi) "Qoritsa"ya, Rodriqo Muniz (21 yaş, hücumçu) "Midlsbro"ya, Silvester Yasper (20 yaş, yarımmüdafiəçi), Terens Konqolo (28 yaş, müdafiəçi) da "Havr"a icarəyə verilib. Onların hamısı 2022/23 mövsümünün sonuna kimi icarədə olacaqlar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest