İtaliyanın "Atalanta" klubu hücumçusu Yosip İliçiçlə yollarını ayırıb. Matc.az xəbər verir ki, Sloveniyadan olan 34 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
 
2017-ci ildən bu klubda forma geyinən İliçiç, burada 173 oyuna çıxıb, 60 qol vurub. O, daha öncə "Bonifika", "İnterblok", "Maribor", "Palermo" və "Fiorentina"da da forma geyinib. Sloveniya yığmasında 79 matça çıxmış hücumçu, 16 qol vurub. Hazırda azad agent statusu daşıyan futbolçunun karyerasını harada davam etdirəcəyi bilinmir.
 
"Atalanta" Marko Karraronu (24 yaş, yarımmüdafiəçi) "Krotone"yə, Alassane Sidibeni (20 yaş, yarımmüdafiəçi) "Kozentsa"ya, Luka Vidonu (25 yaş, hücumçu) "Palermo"ya, Yakobo Da Rivanı (21 yaş, yarımmüdafiəçi) da "Komo"ya icarəyə verib.
 
Bu komandanın daha bir futbolçusu - Marko Karnesekki isə A Seriyasının digər təmsilçisi "Kremoneze"yə keçib. "çezena"nın yetirməsi olan qapıçı 2017-ci ildən "Atalanta" çıxış edirdi. 22 yaşlı qolkiper daha öncə "Trapani"də də icarədə olub. O, İtaliyanın aşağı yaş qrupları üzrə yığmalarında da forma geyinib.
 
"Kremoneze" "Benfika"dan Sualiho Meyteni, "Brügge"dən Cek Hendrini də icarəyə götürüb. Sualiho Meyte peşəkar karyerasına Fransanın "Oser" klubunda başlayıb. O, "Lill", "Sulte Varegem" "Bordo", "Monako", "Torino" və "Milan"da da forma geyinib. Fransadan olan 28 yaşlı yarımmüdafiəçi ötən ilin yayından "Benfika"da çıxış edirdi.
 
Cek Hendri isə 2021-ci ilin avqustundan "Brügge"də forma geyinirdi. Şotlandiyadan olan 27 yaşlı mərkəz müdafiəçisi daha öncə "Ostende", "Melburn Siti", "Seltik", "Dandi", "Milton Kins Dons", "Şrusberi Taun" kimi klubların da formasını geyinib. O, Şotlandiya yığmasında 17 oyuna çıxıb, 2 qol vurub.
 
"Kremoneze" hücumçusu Samuel Di Karmineni də "Peruca"ya satıb. 33 yaşlı hücumçunun yeni klubuna keçidinin detalları və müqavilə müddəti açıqlanmır. O, 2021-ci ildən "Kremoneze"də çıxış edirdi. Təcrübəli futbolçu daha öncə "Fiorentina", KPR, "Qallipoli", "Frozinone", "çittadella", "Yuve Stabiya", "Virtus Entella", "Verona" və "Krotone"də də oynayıb. İtaliyalı hücumçu 2015-2019-cu illər aralığında da məhz "Peruca"nın uğurları üçün çalışıb.
 
"Kremoneze" yarımmüdafiəçisi Luka Valzaniyanı da SPAL-a icarəyə verib. İtaliyadan olan 26 yaşlı futbolçu 2019-cu ildən bu klubda forma geyinirdi. O, "çezena", "Atalanta", "çittadella", "Peskara" və "Frozinone"də də oynayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest