Azərbaycan millisinin sabiq futbolçusu Kamal Quliyevin matc.az saytına müsahibəsi
 
- "Qarabağ" bu gün Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirəcək. "Frayburq"a qarşı Almaniyada baş tutacaq görüş barədə düşüncələriniz nələrdi?
- Ağır oyun olacaq. Əlbəttə ki, "Qarabağ"dan qələbə istəyərik. Amma etiraf edək ki, təmsilçimizin heyəti rəqiblə müqayisədə kasaddır. Yenə də hamı kimi, mən də Qurban Qurbanovdan sürpriz gözləyirəm. Real götürsək, bu heyətlə nəyəsə inanmıram. Qurbanın pərəstişkarı kimi, onun nailiyyət qazanmasını istəyərdim. çünki Qurban Azərbaycan məşqçilərinin başının tacıdı. Ondan suyum gəlmir, çörəyim gəlmir. Mənimlə xoş münasibəti, görəndə bir-birimizlə haqq-salamımız hər şeydir. Kişinin əziyyətini yerə vurmaq olmaz. Bir işi ki dövlət başçısı yüksək qiymətləndirirsə, biz nə karəyik.
 
- "Frayburq"un ilk 5 turdan sonra Almaniya Bundesliqasına başçılıq etməsi "Qarabağ"ı narahat etməlidimi?
- Onların liderliyi müvəqqətidi. Bir neçə il əvvəl bizdə də çempionat yeni başlayanda "Sumqayıt" lider idi. Bu barədə sual verdilər, dedim ki, darıxmayın, bir az ələnsin. Almaniyada da çempionat təzə başlayıb, sona yaxın hamısı layiqli yerində olacaq.
 
- "Frayburq", "Olimpiakos" və "Nant" önündə "Qarabağ"ın şanslarını necə görürsünüz?
- çox çətin qrupdu. Hamısı köklü komandalardı. "Qarabağ"ın püşkdə yenə bəxti gətirmədi. Hətta deyərdim ki, çempionlar Liqası üçün əlavə yer açılsaydı, bu qrupu da ora yerləşdirmək olardı.
 
- Bəs Plzen "Viktoriya"sının çempionlar Liqasındakı qrupunu gördükdə "Qarabağ"ın yaxşı ki, Avropa Liqasına düşdüyünü demədiniz?
- Aydın məsələdi ki, "Bavariya", "Barselona", "İnter" kimi klublarla mübarizə apara bilmərik. Düzdü, "Neftçi"də işləyəndə bir dəfə "İnter"lə İtaliyada heç-heç etdik. Amma bu da hakimin diqqətsizliyindən oldu. çünki həmin matçın sonlarında cərimə meydançamızda İqor Mitreski rəqibin hücumçusu Antonio Kassanonu necə vurdusa, italyan uçdu. Hakim fikirləşdi ki, onsuz da, görüşün sonudu, "Neftçi" gedib bunlara qol vura bilməz. Əks-hücuma keçdik və hesabı 2:2 etdik. Bilmirəm hakimin gözündən yayındı, yoxsa ciddiyə almadı. Ancaq mənim fikrimcə, penalti idi. Yəni "Qarabağ" da çempionlar Liqasına çıxsaydı, o "div"ləri Azərbaycana gətirəcəkdi, azarkeşləri bununla sevindirəcəkdi. üstəlik, klub büdcəsini də zənginləşdirə və çempionlar Liqasının qrupunda çıxış edə biləcək səviyyədə oyunçular ala bilərdi.
 
- Avropa Liqasına düşmək isə hücumçu İbrahima Vadjinin gedişini şərtləndirdi...
- Qurban onun gedişini nəzərə alıb, başqa cür oynada da bilər. Abdullah Zubir, Kadi Borqes də cinah hücumçusudur. Əlbəttə, "9 nömrə" başqadı. Yəqin ki, strategiya bir az dəyişəcək.
 
- "Qarabağ" bu gün "Frayburq" önündə ən çox nəyə diqqət eləməlidi?
- ötürmələrdə səhvsiz olmaq, təhlükəni qapı qarşısından tez uzaqlaşdırmaq lazımdı. Qapı önündə artıq hərəkətlərə yol vermək olmaz. "Viktoriya" ilə oyunda qapımıza vurulan ikinci qol zamanı üç müdafiəçinin arasında dayanan hücumçu tam nəzarətsiz şəkildə topu qapıdan keçirdi. Müdafiəçilərin heç biri ona yaxın oynamırdı. Cərimə meydançasında nəfəsin rəqib hücumçusunun kürəyində olmalıdı. çünki orada oyunçunu bir saniyə də boş buraxmamalısan. özümdən misal çəkim. "Volın"da olarkən Donetsk "Metallurq"u ilə səfərdə oynayırdıq. Həmin matçın ən yaxşı futbolçusu seçildim. Amma bir saniyəlik diqqətsizliyim qapımıza qolun vurulması ilə nəticələnmişdi. "Metallurq"un gürcüstanlı hücumçusu Georgi Demetradzeyə 90 dəqiqə tərpənmək imkanı vermədim. Əlavə olunmuş dəqiqədə korner yerinə yetirirdilər. Başımı çevirib komanda yoldaşlarıma deyirdim ki, yaxın oynayın, o anda ötürmə gəldi və Demetradze qolu vurdu. Yəni bir saniyəlik diqqətsizlik hər şeyi həll edir. Xüsusən də, "Frayburq" kimi komandalarda bunu lazımınca dəyərləndirən usta futbolçular var. Ona görə də, qapı qarşısında onların hücumçularına yaxın oynamaq və dönmələrinə imkan verməmək vacibdi.
 
- Axşamkı qarşılaşmadan hansı hesabı gözləyirsiniz?
- Proqnoz vermək çox çətindi. İstəyərəm ki, "Qarabağ" 1:0 udsun. ümumiyyətlə,  bu qrupda oynamaq təmsilçimiz üçün ağır olacaq. "Qarabağ" səviyyəsinin iki qatını ortaya qoymalı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest