"Yeni komanda qurmuşuq. Bir aydan az vaxtdır ki, məşq edirik"

Futzal üzrə Azərbaycan çempionu "Araz-Naxçıvan"la "Neftçi" İK arasındakı yoxlama oyunundan (6:0) sonra hər iki komandanın baş məşqçisi matçla bağlı fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, onlar Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamalarında bunları söyləyiblər:

Joze Alesio Da Silva ("Araz-Naxçıvan"ın baş məşqçisi): "Yeni komanda qurmuşuq. Bir aydan az vaxtdır ki, məşq edirik. Bu zaman futzal üçün çox azdır. Hətta şənbə və bazar günləri də məşqlərə ara vermirdik. Oyuna gəldikdə, razı qaldığım deməliyəm. İntizamlı oynadıq, sona qədər mübarizə apardıq, məşqlərdə etdiyimiz taktiki tapşırıqları reallaşdırmağı bacarırdıq. Əlbəttə, daha çox oyun keçirməli, səhvlərimizi görməliyik. Amma biz hazırlıq prosesində ilk oyunumuza çıxdıq. Heyətimizdə olan oyunçuların hamısına şans verdik. Xəzər Ağalızadə, Cavad Məmmədov, Azər Fərmanov gələcəkdə millinin formasını geyinməyə namizəd gənclərdir. Onlar az da olsa, oynamaq şansı qazandılar. üç futzalçımız isə zədəlidir.

UEFA çempionlar Liqasına qədər çempionat və yoxlama oyunları ilə bu boşluğu doldurmalıyıq. Hələlik 55-60 faiz hazır olduğumuzu deyə bilərəm. Amma qarşıda bir aydan çox vaxtımız var. Vacib odur ki, əlimizdə material var və işləmək olar. Taktiki planda axsadığımız məqamları məşqlərdə düzəltməliyik".

Hacıbala Abdullazadə (Neftçi" İK-nın baş məşqçisi): "Bir aya yaxındır məşqlərə başlamışıq. ölkəmizi UEFA çempionlar Liqasında təmsil edəcək komandaya qarşı oynadıq. Heyətimizə yeni futzalçılar dəvət etmişik. Əksəriyyəti gənclərdir. Bu matçda nəticə yox, verilən tapşırıqların icrası, keyfiyyət önəmli idi. Səhvlərimiz oldu, tədricən bunu aradan qaldıracağıq.

Əlbəttə, çempionatda məqsədimiz hər oyunda qələbə qazanmaq, maksimum nəticəni reallaşdırmaq olacaq. Bunun üçün çox işləməliyik. Bu matçda narazı qaldığım məqam rəqibin səhvlərindən maksimum istifadə edə bilməməyimizdi. Epizodlarımız oldu, fərqlənə bilərdik, lakin realizə edə bilmədik. özümüzün səhvlərimiz daha çox oldu və onlar bundan istifadə etdilər. Bütün oyunçulara şans verdik, hamını iş başında yoxladıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest