Avropa Liqasının qrup mərhələsinin II turunda keçiriləcək "Qarabağ" – "Nant" (Fransa) matçından öncə təşkil edilən mətbuat konfransında Azərbaycan təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı. Təcrübəli mütəxəssis əvvəlcə sabahkı matç barədə fikirlərini bildirdi...

- Mənim üçün danışmaq, fikir bildirmək asan deyil. 50 şəhidimiz var, qızğın döyüşlər gedir. Allah şəhidlərimizə rəhmət eləsin. Bura gəlməzdən öncə də proseslərlə maraqlandıq. Əfsuslar olsun ki, gənc övladlarımız canlarını tapşırırlar. Allah ailələrinə səbir versin. Rəqib barədə çox danışmaq istəmirəm. "Nant"ı analiz etmişik.

- Rəqibin hansı güclü tərəflərini qeyd edə bilərsiz?
- Qrupumuzda ən baxımlı futbol oynayan komandadır. Fərdi ustalığı yüksək futbolçuları var. Onlara qarşı ancaq yaxşı futbol oynamalıyıq. "Nant"dan çəkinməməliyik. Aqressiv futbol oynayırlar. Biz də bunu nəzərə alıb, rəqibin üzərinə getməli, hücumda aktiv olmalıyıq. İnanıram ki, futbolçularım bunu bacaracaqlar. Bəzi risklər almalıyıq.

- Sabah matçdan öncə şəhidlərimizi 1 dəqiqəlik şükutla yad etmək üçün UEFA-ya müraciət edilib?
- Klub tərəfindən müraciət edilib. Nə cavab veriləcəyini biləcəyik.

- Komandada zədəlilərlə bağlı son durum necədir?
- Maksim Medvedev, Kevin Medina, Rahil Məmmədov zədəlidirlər. Bədavi hüseynovun durumu tam bəlli deyildi. ümumi durumu pis deyil. Oynamaq ehtimalı çoxdur. Komanda ilə məşq etdi. Amma hələ ehtiyatlı davranırıq. Oynama ehtomalı çoxdur. Bu gün tam əmin olacağıq.

- ölkədəki mövcud vəziyyət komandanın işini daha da çətinləşdirmir?
- Bu gərginlik, məsuliyyət həmişə var. Futbolçularımıza haranı təmsil etdiyimiz barədə daim məlumat veririk. Son illər gərginlik daha da artıb. Şükürlər olsun, torpaqlarımız geri qaytarılıb. Amma ürək yaramız həmişə qalacaq. Bəzi şəhidlərimizin ailələrinin hansı vəziyyətdə olduğunu görürük, 2-3 yaşlı övladlar atasız qalırlar. Bu, çox ağırdır. Ancaq işimiz futboldur. Nə qədər çətin olsa da, komandanı düzgün hazırlamağa çalışacağıq. Diqqətimizin oyunda olması çox da asan olmayacaq. Bunun üçün çalışacağıq.

- "Nant"ın baxımlı futbol oynadığını dediz, amma 9 oyunda cəmi 2 qələbəsi var...
- İlk dəfə rəqibin oyununa baxanda futbolçulara dedim ki, göstərdikləri oyuna görə daha çoxuna layiqdirlər. Keçən mövsüm Fransa Kubokunu qazanıblar. Mövsümün əvvəlində hansısa çatışmazlıq ola bilər özümü sığortalamaq, azarkeşləri hazırlamaq üçün demirəm. çox yaxşı müdafiəsi, orta xətti və hücum xətti var. Meydanda bir-birlərini çox yaxşı başa düşürlər və baxımlı futbol göstərirlər. Məğlubiyyətlər bəzən yorğunluqla da bağlı ola bilər. Biz rotasiyaya əl ata bilirik istifadə edə bilirik. Amma böyük beşlik liqalarında belə imkanlar yoxdur.

- Sizcə, "Nant"ın "açar oyunçusu" kimdir?
- Hamısını "açar oyunçu" sayıram. Amma 10 nömrəli futbolçu, Lüdovik Blass əla futbolçudur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest